|
|
|
|

Birinci Qarabağ müharibəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərindən biri də Kəlbəcərin işğalı zamanı baş verən və “Tunel qırğını” adlanan dəhşətli hadisə oldu. Kəlbəcər-Laçın yolunun üzərində yerləşən tuneldə qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib.
1993-cü il martın 31-də həyata keçirilən qırğın zamanı qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb. Bu qanlı hadisə, əliyalın, dinc insanların hədəf seçilməsi bir daha erməni faşizmini ifşa edir. Həmin gün tunelin qarşısında pusqu quran erməni faşistləri ordan keçməyə çalışan dinc insanları qətlə yetirdilər. Sağ qalanları girov götürərək onları amansız işgəncələrə məruz qoydular.
Kəlbəcər rayonu 1993-cü il aprelin 3-də işğal edildi, nəticədə 60 minə yaxın sakin didərgin düşdü, onlarla insan həlak oldu və ya əsir götürüldü.
Martın 27-dən başlayan hücumlar nəticəsində rayonun işğalı o vaxtkı Qarabağ müharibəsində ən böyük hərbi-strateji məğlubiyyət hesab olunurdu.
Prezident İlham Əliyev ötən il Kəlbəcərə səfər zamanı sakinlərlə görüşdə bu məqama toxunaraq deyib: “Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır”.
44 günlük Vətən müharibəsində Azərbaycan böyük Zəfərə imza ataraq öz torpaqlarını işğaldan azad etdi. Kəlbəcər, o cümlədən Laçın və Ağdam bir güllə atılmadan azadlığına qovuşdu. Ağır məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktı nəticəsində üç rayonu Azərbaycana qaytarmağa məcbur oldu.
Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi.
Prezident İlham Əliyev Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlar haqqında danışarkən deyib: "İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi".
Beləliklə, Kəlbəcərin kiçik bir hissəsi döyüş meydanında azad edildi. Ancaq böyük hissənin işğalına Ermənistan kapitulyasiya aktına imza atandan sonra son qoyuldu.
Kəlbəcərin mürəkkəb coğrafi relyefi, onun hərbi yolla geri alınması çoxsaylı itkilər hesabına başa gələ bilərdi. Prezident İlham Əliyevin müdrik siyasəti, sərkərdəliyi sayəsində Kəlbəcər, habelə Laçın və Ağdam bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Bu gün digər bölgələrimiz kimi, Kəlbəcərdə də quruculuq prosesi davam edir, artıq Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma həyata keçirilib.
Ermənilər işğal zamanı Kəlbəcərdə də bütün infrastrukturu dağıdıb, bir tikilini belə salamat qoymamışdılar. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər xarabazara çevirdilər.
Bu gün isə Kəlbəcərə yeni nəfəs, yeni həyat qayıdır. Dövlət başçısının 2025-ci ilin avqust səfəri zamanı Kəlbəcərin Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi, yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, sakinlərə mənzillərin açarları təqdim edildi. Həmçinin “Balland-Kəlbəcər” brendi ilə bal və arıçılıq məhsulları mağazası açıldı və şəhər parkının təməli qoyuldu.
Kəlbəcər bu gün inkişaf edir, müasir infrastruktur yaradılır, sakinlərin rahat yaşaması üçün dövlət tərəfindən bütün şərait yaradılır.
PƏRVANƏ



