
Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Qırğızıstan Milli Filarmoniyasının direktoru, Xalq artisti Qırqızbay Osmonovla görüşüb.
525.az xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində, o cümlədən teatr sənəti üzrə əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycanla Qırğızıstan arasında yaradıcı əlaqələr tarixi və mədəni yaxınlıq üzərində qurulub. Bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir.
Akademik Milli Dram Teatrı hər zaman belə böyük layihələrə dəstək verib və yeni layihələrin icrası üçün hazırdır. T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı ilə Akademik Milli Dram Teatrı arasında ötən il imzalanan əməkdaşlıq Memorandumunun əhəmiyyəti qeyd olunub.




İki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.
Görüşdə Qırğızıstan Milli Filarmoniyasının "Cəmilə" tamaşa-müzikli ilə Azərbaycana qastrol səfəri yüksək qiymətləndirilib. Yazıçı Çingiz Aytmatovun yaradıcılığına Azərbaycanda hər zaman böyük diqqət olub. Bildirilib ki, Akademik Milli Dram Teatrının repertuarında Çingiz Aytmatovun “Əsrə bərabər gün” və “Manqurt” tamaşaları var.
Qırğızıstan Milli Filarmoniyasının direktoru, Xalq artisti Qırqızbay Osmonov qonaqpərvərliyə və yüksək təşkilati dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib.



