|
|
|
|

2023-cü il aprelin 23 də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm əhəmiyyət kəsb edən tarixi hadisə oldu. Bu, ölkəmizin suveren hüququ və ərazi bütövlüyünün təmin olunmasının ifadəsi idi.
Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq, öz ərazilərini işğal azad etdi. Ermənistanın imza atdığı 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktının 4-cü bəndinə uyğun olaraq, ordusunun qalıqlarını və qeyri-qanuni erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmalı idi. Amma Ermənistan öz öhdəliyinə əməl etmir, əvəzində Azərbaycan ərazisində qalan qanunsuz silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və hərbi təyinatlı vasitələrin daşınmasını davam etdirdi. Bununla da separatçılara, terrorçulara dəstək verirdi. Bundan əlavə, Azərbaycanın təbii sərvətləri də talan edilirdi. Rəsmi Bakının dəfələrlə xəbərdarlığına, təqdim edilən faktlara baxmayaraq, İrəvan öz qanunsuz əməllərindən əl çəkmirdi.
Nəhayət, aprelin 23-ü saat 12:00-da ölkəmizin suveren ərazilərində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu və yeni yaradılan məntəqədə Azərbaycan bayrağı ucaldıldı. Əlbəttə ki, bu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial və qətiyyətli siyasətin nəticəsi idi.
Laçın yolunun nəzarətə götürülməsindən əvvəl ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc davamlı aksiyaların da əhəmiyyəti qeyd edilməlidir. Bu aksiyalar vasitəsilə Azərbaycanın haqq səsi bir daha bütün dünyaya çatdırıldı. Ölkəmizin suverenliyinin tam bərpasına aparan mühüm hadisələrdən biri oldu.
Sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağdakı qanunsuz silahlı birləşmələrə silah-sursat, canlı qüvvə daşınmasının, həmçinin təbii sərvətlərimizin talanmasının qarşısını aldı. Ən mühümü isə bu, Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tam təmin etməyinin ifadəsi idi.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da Laçına səfəri zamanı bu mövzuya diqqət çəkərək deyib: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu... Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Bu gün həmin hadisədən üç il keçir. Artıq bütün dünya tərəfindən Azərbaycanın regionda yaratdığı yeni reallılqar qəbul edilir, ölkəmiz təkcə geniş regionda deyilir, dünyada aparıcı aktorlardan birinə çevrilib. Azərbaycan həm ərazi bütövlüyünü və suverenliyini, eyni zamanda, tarixi ədaləti, beynəlxalq hüququ təmin etməklə mütləq qələbənin nümunəsini yaratmış oldu.
PƏRVANƏ



