|
|
|
|

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafında, möhkəmlənməsində yeni səhifə açır. Səfər zamanı müxtəlif sahələrdə, o cümlədən siyasi dialoq, enerji və logistika təhlükəsizliyi, müdafiə sənayesi, humanitar dəstək və digər istiqamətlərdə müzakirlər aparılıb, bir sıra sənədlər imzalanıb. Son illərdə Azərbaycan-Ukrayna əlaqələrində xüsusilə humanitar sahənin inkişafı özünü daha qabarıq göstərir. Ölkəmiz müharibə başlayandan bu yana Ukraynaya ən zəruri ehtiyaclar nəzərə alınmaqla dəfələrlə humanitar yardım göstərib. Bu, Azərbaycan dövlətinin siyasətindən irəli gəlir. Ölkəmiz münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə dəstək göstərir. Humanitar dəstəyə həm də Ukraynadan olan uşaqlarla bağlı reabilitasiya proqramları da daxildir.
Zelenski bu məqama toxunaraq deyib ki, Azərbaycandan 11 yardım paketi almışıq: “Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq”.
Qeyd edək ki, yaxın vaxtlarda ukraynalı tələbələrin Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.
Ukraynanın enerji sisteminin sıradan çıxması nəticəsində insanlar, mülki infrastruktur, o cümlədən xəstəxanalar əziyyət çəkir. Bu xüsusda Azərbaycan Ukraynaya elektrik generatorları göndərir ki, bu da həyati əhəmiyyət daşıyan yardımdır.
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini hər zaman bəyan edir. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir.
Prezident İlham Əliyev ukraynalı həmkarı ilə görüşdə bildirib ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.
Azərbaycan Ukrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır, bu müharibənin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Azərbaycan regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu münaqişənin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya bilər. Zelenski də bu məqamı vurğulayaraq danışıqları Azərbaycanda aparmaq istəyini bildirib.
Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafının da potensialı var. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir ki, bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir.
Politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycan-Ukrayna əlaqələrinin humanitar sahə üzərindən başlayaraq inkişaf etdirilməsi olduqca məntiqli yanaşmanın və praqmatik, real siyasətin əsasını təşkil edir. Azərbaycan hər zaman humanitar yardım məsələsinə olduqca həssas yanaşıb.
“İran müharibəsi başlayarkən də Azərbaycan aydın yanaşmasını sərgilədi, dəstəyini əsirgəmədi. Hətta ilk real addım atan aktor oldu. Bununla da, etimad göstərilən qonşu və ümumilikdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəf olduğunu bir daha sübut etdi. Periodik qaydada Azərbaycanda Ukraynadan olan uşaqlar üçün reabilitasiya proqramları həyata keçirilir. Əgər münasibətlərin dayanıqlı əsaslarla inkişafında tərəflər maraqlıdırsa, şübhəsiz ki, cəmiyyəti əhatə edən bu amillər üzərindən yola çıxılması son dərəcə mühümdür. Bu reabilitasiya proqramları təkcə azyaşlı uşaqlarla kifayətlənməyib, ali təhsil pilləsində də özünü göstərəcək”, - politoloq deyib.
O əlavə edib ki, Azərbaycan enerji təhlükəsizliyinin mahiyyətini dərindən anlayan ölkədir: “Bu baxımdan Ukraynada dağıdılmış enerji sistemi insanların gündəlik yaşayışına son dərəcə mənfi təsir etdiyindən Azərbaycan Ukraynaya elektrik generatorları göndərir. Bu isə insan amilinə verilən dəyər baxımından olduqca mühüm addımdır. Azərbaycan yalnız işğaldan əziyyət çəkməyib, ardınca minatəmizləmə prosesində də böyük maddi, insan və texniki resurslar sərf etməyə məcbur qalıb. Bu baxımdan Azərbaycanın Ukraynaya minatəmizləmə üçün avadanlıq göndərməsi də xüsusi vurğulanmalıdır. Bu gün Azərbaycan bərpa və quruculuq işlərini öz gücü ilə həyata keçirərək unikal təcrübə formalaşdırır. Gələcəkdə Ukraynanın bərpası təbii ki, qaçılmazdır və bu istiqamətdə Azərbaycan öz təcrübəsini bölüşə bilər.
Ölkəmiz müstəqil dövlətdir və xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini digər amillərdən asılı olmayaraq, birbaşa milli maraqları əsasında qurur. Heç bir addım və qurulan heç bir əlaqə başqa aktorlara qarşı yönəlməyib. Azərbaycan ölkələrin ərazi bütövlüyü və suverenliyinin tərəfdarı olduğunu hər zaman qətiyyətlə bəyan edib. Beynəlxalq hüququn təməl prinsipləri bizim üçün əsas meyardır. Bu prinsiplərə riayət edilmədiyi halda nə təhlükəsizlikdən, nə əməkdaşlıqdan, nə də sülh şəraitində yaşamaqdan danışmaq mümkündür”.
O xatırladıb ki, Azərbaycan heç bir halda Ukrayna ilə Rusiya arasında baş verən münaqişənin tərəfi deyil, bu münaqişədə iştirak etmir və hərbi komponentlərdən tamamilə uzaqdır: “Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşmaqla yanaşı, qarşılıqlı dialoq və anlaşmanın vacibliyini də daim vurğulayır. Sözügedən münaqişənin də məhz bu istiqamətdə həllində maraqlıdır. Artıq Azərbaycan regionun diplomatik mərkəzlərindən biri kimi çıxış edir və münaqişələrin sülh yolu ilə həlli üçün platforma təqdim etməyə hazırdır. Digər ölkələr arasında baş verən münaqişələrdə tərəf olmadan, bərabərhüquqlu əsasda əlaqələr qurmağı bacarırıq. Prezident İlham Əliyev mahir diplomat kimi bu mürəkkəb kombinasiyanın da öhdəsindən gəlməyi bacarır. Buna nümunə olaraq Rusiya ilə Gürcüstan arasındakı münasibətləri göstərmək olar. İki dövlət arasında diplomatik münasibətlər mövcud olmasa da, Azərbaycan hər iki ölkə ilə ayrı-ayrılıqda balanslı və konstruktiv siyasət yürüdür.
Aydın yanaşma ortaya qoyulub, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər hər iki xalqın maraqlarına xidmət edir. Bununla yanaşı, Azərbaycan Rusiya ilə də əlaqələrini inkişaf etdirir. İki ölkə arasında yaşanan gərginlik aradan qaldırılıb və strateji müttəfiqlik münasibətlərinin ruhuna uyğun şəkildə əməkdaşlıq davam etdirilir”.
PƏRVANƏ



