
Əziz oxucu! Alim Qasımovun danışıq tərzini müəyyən qədər saxlamağa çalışmışam ki, mətnin təbiiliyi itməsin.
Bu muğam aləminə gəlməkdə mənim birinci ustadım Ağaxan müəllim olub. O, məni bu aləmə müsibət bir çətinliklə vərdişkar elədi. Hətta Asəf Zeynallıda birinci, ikinci kursun əvvəllərində oxuyanda qaçmaq istəyirdim. Qız qaçırıb evlənmişdim. Atama deyirdim ki, əşi yox ey, bu, mənlik deyil, ailəm var, uşağım var, "aman-aman" deməklə hara gedib çıxacam. Özü də mən Asəf Zeynallıda oxuyanda yaxşı gur səsli uşaqlar vardı orda. İnan Allaha, necə zəngulə vururdularsa, az qalırdı divarın suvağı-zadı qopub tökülsün yerə. Heyrətlə baxıb deyirdim, ayə bunlar neynirlər?
Mənim nə işim olubsa, Asəf Zeynallıda olub. İncəsənət İnstitutu, zad... bütün bunlar diplom, ali savad üçün, sənəd üçün idi, guya ali savadı var, nəyi var, nəyi var... belə də. Onlar sonranın işidir. Hə, yenə deyirəm, Ağaxan müəllim bu aləmə məni yüz çətinliklə vərdiş elətdirdi. Onnan sonra yavaş-yavaş öyrəndim, öyrənənnən sonra rəhmətlik Adil müəllim gəlib Ağaxan müəllimə dedi ki, bu uşağı müsabiqəyə hazırla. Həm də qonaq gəlirdi sinfə, Ağaxan müəllim mənə deyirdi oxu. Öz-özümə fikirləşirdim, ayə, mən çaşa-çaşa oxuyuram, Ağaxan müəllim də elə deyir "oxu", bunun axırı necə olacaq? Onda "Rast" muğamını keçirdik, üçüncü kursun uşaqları vardı orda, deyirdim, ay qardaş, bunlar dura-dura müəllim mənə niyə deyir oxu? Belə-belə, yavaş-yavaş işlər düşürdü sahmana. Görünür, rəhmətlik Ağaxan müəllim nə isə görürmüş, duyurmuş səsimdə. Sonra müxtəlif müsabiqələrə çıxdım, oxudum, elədim, filan-filan işlər oldu. Müsabiqədə gördüm mənə yer verdilər. Öz-özümə dedim: ayə, mən əməlli-başlı oxuyanam ki. Yavaş-yavaş Hacıbaba müəllimin, rəhmətlik Hacıbaba Hüseynovun sinfinə getdim. O vaxt Vahid müəllimin də sinfinə gedirdim, Nəriman müəllimin də sinfinə gedirdim. Birinci imtahana hazırlaşanda Vahid müəllim, Vahid Abdullayevi deyirəm ey, imtahan üçün mənimlə "Mirzə Hüseyn" segahını məşq edirdi. Onu da rəhmətlik yarımçıq öyrədə bildi, vaxt azıydı. Vahid müəllim məşhur qəzəli öyrədirdi, hamımız elə onu oxuyurduq:
"Gərçi məhəbbət aləminin bir özgə cəfası var,
Hər qara zülfə meyl edənin min bəlası var".
Demək, imtahan başladı, rəhmətlik Əlibaba Məmmədov idi, Bəhram Mansurov idi, çox adam vardı, adların çoxu yadımnan çıxıb. Soruşdular:
- Nə oxuyacaqsan?
Mən də heç nə bilmirəm axı. "Mirzə Hüseyn" segahını bilirəm, o da ala-yarımçıq. Dedim:
- "Çahargah" oxuyacam.
Yalannan da... canımı qurtarmaq üçün. Fikirləşdim ki, mayədən, zaddan zümzümə edib birtəhər yola verərəm.
Dedilər:
- O biri uşaqlar hamısı "Çahargah" oxuyub. Sən "Mirzə Hüseyn" segahı oxu.
Mən də öyrəndiyim o yarımçığı oxudum, bir az özüm bilənləri elədim, eşitmişdim də ordan-burdan. Oxudum. Ayə, gördüm bıy, mənə beş yazdılar. Beş yazannan sonra dedim, həəə, tapşırıq ayrı şeydi, beş ayrı şeydi. Fikirəşdim, həəə, deməli, burda nə isə var. Çox sevincnən, fərəhnən elektriçkaya minib getdim evə. Uçurdum göylərdə.
O günnən başladım dərsə, filana yavaş-yavaş ciddi yanaşmağa.
lll
Soruşursan ki, "tapşırmaq nə idi?" Deyim sənə.
İki almaqdan qorxurdum. Aktyor Səyavuş Aslanla simsarlığımız var, ondan xahiş eləmişdim ki, məni tapşırsın. O da tapşırmışdı Asəf Zeynallının direktoru Vasif Adıgözəlova. Tapşırılana "4" verirlər də, amma mənə "5" vermişdilər. Ona görə deyirəm də, beş almaqda nə isə var, yəni yəqin səsimə görə veriblər də beşi. Ümumiyyətlə, mən məktəbi yaxşı oxumamışam. O vaxtdan indiyə kimi oxuduğum ən yaxşı məktəb Asəf Zeynallı adına Musiqi Məktəbi olub.
Adil müəllimi də soruşdun: Adil Babayevi deyirəm. Çox zəhmli, bir az də əsəbi adam idi. Qorxurdum onnan, vallah elə indi də rəhmətliyin adı gələndə özümü yığışdırıram. Ancaq onun içində o qədər zəngin mənəviyyat vardı, gəl görəsən. Çox savadlı müəllim idi. Məktəbə qəbul olunanda istəyirdim Əlibaba müəllimin sinfinə düşüm, amma elə olmadı. Bayaq da dedim, bütün siniflərə gedirdim, öyrənmək üçün. Nəriman Əliyevin, Vahid Abdullayevin, Əlibaba Məmmədovun. Nəriman müəllimin qapısı açıq idi, kim istəyirdisə, sərbəstcə gəlib dərsdə otura bilirdi. Amma Hacıbaba Hüseynov sərt idi, sözü şappadan adamın üzünə deyirdi, adamı ucadan danlayırdı. Üç-dörd dəfə onun dərsində oturub dediklərinə diqqətlə qulaq asırdım, danışmağı, dərs keçməyi, hərdən tələbəni saxlayıb züm-zümə etməyi xoşuma gəlirdi. Hiss edirdim ki, məndən xoşu gəlmir. Heç danışdırmırdı məni. Sir-sifətim də qara-qura, sızanaqlar basmışdı üzümü. Bir dəfə bir az acıqla mənə dedi:
- Ay uşaq, sən bir şey oxu. Əgər xoşuma gəlsə, sən də nə vaxt istəsən gələ bilərsən. Yox, xoşuma gəlməsə... onda incimə, day mənim sinfimə gəlmə, get öz işinlə məşğul ol.
Tar çalana dedi, çal. Dizlərim başladı əsməyə... Birtəhər oxudum, qutaranda gördüm Hacıbaba müəllimin üz-gözündə təbəssüm var. Öz-özümə dedim: Allah sənə şükür, deyəsən, oxumağım xoşuna gəldi. Başıyla razılıq edib dedi:
- İstədiyin vaxt dərsimə gələ bilərsən.
Allaha and olsun, Hacıbaba müəllimin yanında nə oxuduğum indi də yadıma gəlmir.
Hacıbaba müəllimin dərs keçməyi dərs deyildi ey, möhtəşəm bir konsert idi, akademiya idi, day nə bilim nə idi bizim üçün. Onun dediklərini su kimi içirdik, qulağımızda sırğa edirdik.
Allah ona qəni-qəni rəhmət eləsin.
lll
Sualın belə oldu də: "Çətinliklərim çoxmu olub?"
Həəə, əlbəttə, olub. Amma day ağıllanmışdım, başa düşürdüm ki, çalışmaq, əziyyət çəkmək lazımdı. Yavaş-yavaş qədəm qoydum o biri müəllimlərin sinfinə. Başladım həvəslə rəhmətlik Seyid Şuşinskinin plastinkalarına qulaq asmağa, Yavər Kələntərlinin o məşhur "Şur"una, "Səmayi şəms"inə qulaq asmağa, Keçəçi oğlu Məhəmmədə, Cabbara, nə bilim ey... Şəkili Ələsgərə, Rübabə xanıma qulaq asmağa. Yəni bunnarın əzəmətli səslərinə, Qədir Rüstəmovun yaradıcılığına, Zülfü Adıgözəlovun, Mütəllim Mütəllimovun... (o, çox böyük sənətkar idi, əsl yaradıcı olub) - həə, bunnarın oxumalarına qulaq asmağa. Burda bir dənə iş var. Məsələn, adını çəkdiyim o böyük ustadlar filarmoniyada, filarmoniyanın çayxanasında oturublar, sonradan gələn oxuyan nəsil toylarda cövlan eləyir. Necə ki, indi; əsl sənətkarlar oturublar evdə, qalıblar kənarda, əsasən cavanlar gedirlər toylara. Əşşşi, baxırsan, bu, ayrı bir şeydi ey, xoşa gəlməyən bir şey. Demək, nədən irəli gəlir? Ondan irəli gəlir ki, zər qədrin zərgər bilər. Zərgər də nə qədər olar ki? Zərgər də çox az olar, ona görə indi istedadı olan da, olmayan da... cavanlar meydan sulayırlar. Televiziyada da belədi, orda da əsl zərgər azalıb...

O vaxtı da belə olub. Seyid Şuşinski, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov... oturublar, onların dövrünün cavan nəsli, məsəlçün, Əlibaba Məmmədovun, İslam Rzayevin, Qulu Əsgərovun, Arif Babayevin, Sabir Mirzəyevin, Süleyman Abdullayevin dövranı olub. Halbuki Seyid Şuşinski olan yerdə onlara qulaq asmaq olmaz axı. Cavanların təzə səsi, təzə nəfəsi camaata xoş gəlib, həvəsnən, maraqnan qulaq asıblar onlara. Belə olmaq o demək deyil ki, yaşlılar daha oxuya bilmirlər.
Bu gün də belədi. Ona görə də ifa zamanı onların, yəni Arifin, İslamın, daha hamısını bir-bir saymıram, yəni o nəslin də, hərəsinin öz yaradıcılığı əmələ gəldi, formalaşdı. Hərəsinin ifasında hansısa guşədə, şöbədə iki, ya üç, ya da dörd qocaman sənətkarın nəfəsləri, oxunun rəngi-rufları əmələ gəldi, amma yeni təravətlə səsləndi. Mənim özümün bu gün səsimin şaqraqlığı yerində olmayanda Mütəllimin, Zülfünün, Hacıbabanın bəm boğazlarından istifadə edirəm. O ənənə deyilən şey belə davam edir də, vallah hə, bəs nədi.
lll
Sənətkarın səhnədəki sərbəstliyi mütləq salondakı tamaşaçıları da sərbəstləşdirməli, rahatlaşdırmalıdı. Xanəndə tamaşaçı ilə elə səmimi ünsiyyət yarada bilməlidi ki, tamaşaçı da onun ruhi halına düşə bilsin. Oxuyanın hərəkətləri də dil açıb danışmalıdır, tamaşaçıya deməlidir ki, gəl özümüz üçün əylənək, gülək, musiqiyə qulaq asaq, kef eləyək. O hərəkətləri ki, səhnədə eləyirəm, mənə baxan tamaşaçı da hala gəlir, şura gəlir, dərindən nəfəs alıb sərbəstləşir. Əsas odu ki, xanəndə özü sərbəst olsun, evin-eşiyin fikrini, dərdini, qayğısını unutsun, unudub bir qırağa qoya bilsin. Onda tamaşaçı da xanəndəyə baxıb həm sərbəst olacaq, həm də yerində sakitcə oturub musiqiyə ruhla qulaq asacaq. Bir də var tamaşaçıya görə istəyəsən arada bir zəngulə vurasan ki, səni alqışlasınlar. Ola bilər... amma biz sənətin mənəvi, əxlaqi tərəfindən danışırıqsa, istədiyimiz alınmayacaq. Xanəndə, ümumiyyətlə, musiqi dinləyənin ruhi dünyasına ilahi təsir göstərməlidi.
lll
Elə olub ki, konsertdə səsim yerində olmayıb. Olmayıb də, ya soyuqlamışam, ya nə isə yemişəm... bilmirəm. Amma səsin uçuş məqamı var ha, bax, o gələndə elə bil mənə nə isə pıçıldayır, onda özümdən asılı olmayaraq halım əməlli-başlı dəyişir. Mat qalıram, qardaş, axı mən ora getməli deyildim, bu necə oldu? Deməli, səsin uçuşa hazır olan, qanad açıb uçuşa gedən məqamını hiss eləyəndə hər şey çox gözəlcə öz yerinə düşür. Amma hala gəlməyib güc-bəla vəziyyətdən çıxmağa çalışasan və özünü zora salasan ki, "mən burda bir az zil pərdəni tutum, qaqqıldayım, tamaşaçının xoşuna gəlsin..." - vay o günə. Nə vaxtsa olub... Onda özümün özümnən zəhləm gedib, özüm özümə nifrət eləmişəm... Allah elə günləri bir də göstərməsin...
lll
İndi bir dənə iş var. Belə şeylər olur... Bir neçə dəfə olub, indi sayını bilmirəm... O zaman ki, gözəl əhvali-ruhiyyə yaranır, hər şey yaxşı alınır, səhnə, ifam özümün də, tamaşaçının da xoşuna gəlir, onda üç-dörd gün elə bil göydə uçuram, halım 101-i vurur. Nə təhər deyim ey, elədə sanki cəmiyyətdən, bu aləmdən ayrılıram, başqa bir mühitə düşürəm. Onda dərvişlərin halını yadıma salıram. Bilirəm ki, sufi dərvişlər rəqs edə-edə fırlananda, fırlanıb ehtizaza, vəcdə gələndə harada olurlar, hansı hala düşürlər. Bir kimsədən asılılıqları yox, fikirləri yox, Allaha bağlılıqları onları göyün yeddinci qatına aparır. Özləri üçün dərk etdikləri haqq-ədalətlə yaşayırlar. Nə isə mane olmasa 3-4 gün o ovqatda, o halda, o vəziyyətdə yaşayıram özüm üçün. Yorğunluq deyə bilmərəm. O halın əsl gözəlliyi elə həmin o 3-4 gündə aldığım ləzzətdədi.
lll
Səninlə görüşəndə axırıncı dəfə Kanadadan, Çikaqodan gəlmişdik. Biz hələlik Azərbaycanda çıxışlarımızı bir az saxladıq, boğazımızda balaca narahatlıq olduğuna görə. Amma xaricdə sərbəst oluruq, bəm-zil birtəhər yola veririk gedir. Elə olub ki, xaricdə lap pis vəziyyətdə çıxmışam səhnəyə, amma sərbəst olduğum üçün oxumağım kefin istəyən kimi yaxşı da, təbii də alınıb. Yəni orda xırramışam, öskürmüşəm kimi halları təbii qarşılayırlar. Orda yeganə əsas şey odu ki, lazımi əhvali-ruhiyyəni yarada biləsən. Ay bunun səsi xırradı, ay bunun başı keçəldi, ay bunun geyimi qırmızıdı, qara olsaydı, yaxşı görünərdi... Xaricdə onlar hamısı unudulur konsertdə, ona görə də sərbəstlik yaranır. Biz çalıb-oxuyanda əsas gedib o mənəvi fikri axtarmağa çalışırıq. Amma bizdə geyimdə səliqə-sahman, qalstuk, dim-dik oturmaq lazımdı, dəbərmək olmaz... nə bilim ey... elə olmaz, belə olmaz, bunu eləmə, onu eləmə, əllərini oynatma... "O olmaz, bu olmaz" kimi məsləhətlər eşitmək yorur adamı, qarşımızda çətinliklər yaradır. Yoxsa elə o xır-xır səslə burada da oxuya bilərəm də... Həm də ay canım, səs xırrayar da, xırıldayar da. Hər şeyin öz vaxtı-vədəsi var axı. Yaşlı adamın öz çalıb-çağırmağı var, onun oxumağında, səsində bir özgə məlahət var, cavanın, yeniyetmənin, uşağın oxumağında tamam başqa cazibə olur. Məsələ ondadır ki, həmin adamları inandırmaq üçün xanəndənin özünün indiyənədək getdiyi yola heyfi gəlir; deyəcəklər, həəə, daha bunun gedib evdə oturan vaxtıdır, amma gəlib çıxır səhnəyə. Dəfələrlə öz qulaqlarımla eşirmişəm, yaşlı sənətkarlarımız üçün deyiblər bu sözləri. Bir yandan onlarla barışıram, o biri yandan da barışmıram. Çünki əksinə, Allah haqqı yaşlı adam oxuyanda başlayıram ağlamağa... Səs ki, əsir... həəə... bu, bir az adama təsir edir, xırdalıqları tamaşaçıya əvvəlki təravətlə çatdırmağı bacarmırlar...

lll
Bizim xalça-palaz üstündə oturub oxumağımzdan da deyim sənə.
İsveçrəyə getmişdik. Vaxtından əvvəl gəldik konsert verəcəyimiz yerə ki, mikrofonlarla bir az məşq edək. Alışaq də təzə səhnəyə. Gələndə gördük yerə xalça səriblər, üstünə də döşəkçələr atıblar. Dedim ay qardaş, siz neynirsiniz, biz stullarda oturub çalıb-oxuyuruq, dəyişin buları. Dedilər problem yoxdur, indi dəyişərik. Onlar getdilər stul dalınca, uşaqlara dedim gəlin vaxt itirməyək, onlar qayıdana kimi bır balaca məşq edək. Başladıq məşqə. Gördüm aaa, lap əla alınır, rahatlıqla çalıb-oxuyuruq. Uşaqlardan soruşdum "necədi?" Hamısı bir ağızdan dedi ki, yaxşıdı. Elə bu dəmdə gördüm stulları gətirirlər. Dedim onlara ki, qardaş, sağ olun, əziyyət çəkdiniz, daha stullar lazım olmadı, yerdə oturub oxuyacayıq. Konsertimiz çox təbii alındı, bizi kefin istəyən kimi alqışladılar. O vaxtdan hansı xarici ölkəyə gediriksə, beləcə yerdə oturub konsertimizi veririk.
lll
İndi ayrı dövrdü. Məsəl üçün, mən sənətə təzə-təzə başlayanda Hacıbaba Hüseynovdan bir qəzəl almaq üçün günlərnən düşürdüm onun dalınca, mindirirdim maşına, qulluğunda dururdum. Nəhayətdə bir qəzəli güclə alırdım ondan. İndi isə kompüter dövrüdü, düyməni basırsan, Alimin və ya hər hansı başqa sənətkarın, bütün yaradıcılığı gəlir sənin evinə. Nə isəyirlərsə, onu götürürlər. Amma bir dənə iş var ki, gərəkdi cavanlar səninlə, yəni təcrübəli xanəndə ilə üzbəüz oturub söhbət eləsin; faydalı məsləhəti eşitmək, nəyisə öyrənmək üçün. Müəyyən cavanlar var, hiss eləyirsən ki, bu səsə yük qoymaq olar, götürə bilər yükü. Amma məsələ bundadı ki, cavanın onu yükləməyə vaxtı yoxdur, hər gün toya çağırırlar, heç kimə yox demir. Niyə? Cavandı, ona ev lazımdı, eşik lazımdı, evlənməlidi, filan lazımdı, beşməkən lazımdı, həyatda bütün işləri, gözəllikləri görmək istəyir... İndi də həyatın ritmi çox dinamik olub, elə günü-gündən də artır. Haman o mən deyən yükü götürməyə cavanın vaxtı qalmır, həvəsi olmur. Bu işi görməyi salır sonraya, sabaha, birisi günə, o biri həftəyə... belə-belə günlər, aylar, illər gəlib keçir. Bir də onda ayılacaq ki, daha gecdir, səsinin, nəfəsinin, ruhunun yük götürməyə gücü çatmır.
lll
Deyirsiniz ki, səhnədə oxuyanda çox hərəkət edirəm... Düzdü... Mənə elə gəlir bu hərəkət... necə deyim... insanı yüngülləşdirir. Elə bil o hərəkət ifa vaxtı, ibadət vaxtı, lap elə mütaliə vaxtı insanı yüngülləşdirir. Xanəndənin bədən dəyişmələri, əl hərəkətləri elə bil onun içindəki ağırlıqlarını çıxarıb tullayan kimi edir, yəni bədəndən kənarlaşdırır. Oxuyan həm də ruhən daha çox yüngülləşir. Mənə elə gəlir, oxuyan zaman artıq görünən hər şeyi, ilk növbədə gərginliyi əl hərəkətləri ilə kənar edəndə sərbəstlik, yüngüllük, boşluq yaranır. Həmən sərbəstlikdə özümü azad hiss edirəm, yaranan geniş boşluqda asanlıqla üzü yuxarı uçuram. Hiss edirəm ki, mənim o boşluğa, o gərginlikdən xilas olmağıma ehtiyac var; həm bədənimin, həm səsimin, həm da ruhumun ehtiyacı var. Dediyim o boşluqda musiqi, söz mənə dərya kimi görünür, o dəryada sərbəst-sərbəst üzürəm özüm üçün.
Məncə, gərgin oxumaqla ruhu azadlığa qovuşdurmaq mümkün deyil, onu qanadlandırmaq olmur. O boşluqda, yəni məcazi mənada boşluqda, başqa sözlə desəm, azadlıqda, səslə söz göyərçinlər səmada etdikləri şirinlikləri xatırladan gözəlliklərə qovuşmaq qəliz məsələdir. Qəliz deyəndə, yəni heç mümkün deyil. Mümkün eləmək üçün, özünü zora salsan da, yaxşı bir şey alınmayacaq, çünki özün azad deyilsən, hər tərəfdən sıxılırsan. Hissləri tutmaq, tutub bütün zərifliyi ilə tamaşaçıya çatdırmaq üçün hərəkət lazımdı. Siz deyən kimi, sufilərin hərəkət rəqsləri olmasa onların ritualları, zikrləri gözəlliyini, ruhi dəyərini itirər. Dəf vurub ritm tutmasalar, zikrə, eşqə, vəcdə gələ bilməzlər. Eşqin də mayası, canı, cövhəri elə hərəkətə bağlıdır.
lll
Qızım Fərqanə ilə oxumağımız ilk növbədə Allahın bir lütfüdür, qismətdir. Bizim birinci qızımız bir neçə aylığında dünyasını dəyişdi. Onun adını ikinci qızımıza qoyduq - Fərqanə. O anadan olan gündən gecə-gündüz elə hey ağlayırdı. Mən evdə olanda nənnisinin başında tar çalıb oxuyurdum, uşaq da bir az sakitləşirdi. Oxumağa təzə-təzə başlamışam, gecə-gündüz qəzəl əzbərləyirəm, oxuyuram, məşq eləyirəm, vaxtım olmur. Yoldaşım da bezib uşağı atırdı nənnisinə, o da ağlaya-ağlaya qalırdı. Axırda anam gəlib deyinə-deyinə uşağı qucağına alır, ovundurub sakitləşdirirdi. Beləcə, çalıb-oxumağı Fərqanəylə bir yerdə edirdik. Qızımla oxumağımızı tar və kamançanın xanəndəni müşayiət etməsinə oxşadıram.
İllərlə çalğıçılar, Fərqanə və mən bir yerdə o qədər məşq eləmişik ki, onlar barmağımın bir hərəkətindən, adicə baxışımdan nə demək istədiyimi əla başa düşürlər. Fərqanə birdən nöqtəni elə yerdə qoyur ki, özüm qalıram mat. Onda həm gözəl vərdiş yaranıb, həm də əhvalı tutmaq, musiqinin xarakterini həssaslıqla duymaq, istedad, ruhi yaxınlıq qan yaddaşı ilə keçib. Əvvəl-əvvəl ata-övlad, ustad-şagird münasibətini ehtiyatla gözləyirdi. Bir dəfə ona dedim:
- Fərqanə, bala, bura meydandı, sənət cəngidi, mən sənnən vuruşuram. Vuruşda ata-övlad münasibəti qalmalıdı bir kənarda. Oxuyanda ardımca gəlməyə, lap məni keçməyə çalış. Bilirsən ki, özüm çox şeyləri bilmədən, ya gözlənilmədən edirəm. Sən də, musiqiçilər də çaşmadan, anındaca, çaparaq ardımca gəlməlisiniz. Məşqdə nə desən ola bilər. Ancaq səhnə futbol meydançasını xatırladır ey. Hamı qol vurmağa çalışır. Bizim də qol vurmağımız bir-birimizi yaxşıca başa düşmək, gözəl oxumaqdı. Mənim oxuduğuma zəif cavab versən, tamaşaçı o dəqiqə hiss edəcək.
Bugünkü halına gəlməkdə daxilən xeyli çətinlik çəkirdi, mən girdiyim vəziyyətə daxil olmaqda bir az ləngiyirdi. Bilərəkdən vecimə almadan, heç nəyə məhəl qoymadan bildiyim kimi, təbim gələn ruhda oxuyurdum. Yavaş-yavaş tutdu ruhumu. İndi çalanların, eləcə də Fərqanənin dalımca necə gəlmələri məni qətiyyən maraqlandırmır. Yəni narahat etmir, öz işimi görürəm, deyirdim ki, qoy onlar da çalışıb öhdələrinə düşən işi əməlli-başlı icra etsinlər. İllər keçib, artıq elədiklərimi, nə eləmək istədiyimi göydə tuturlar. Allah bütün balaları xoşbəxt eləsin. Fərqanənin sənətkarlığı bu gün elə səviyyəyə çatıb ki, muğamı, təsnifi, mahnını bir yerdə oxumağımız özünün xarakterini, məzmun ahəngini, üslubunu formalaşdırıb. Düzdü, keçmişlərdə bir muğamın müxtəlif şöbələrini ayrı-ayrı xanəndələr ardıcıllıqla oxuyublar. Elə Bakı toylarında da xanəndə çox olanda vaxta qənaət üçün bu üsuldan istifadə edilib. Fərqanə ilə mənim birgə oxumağım sevənlərin rollarını oynayan balet ustalarının sinxron hərəkətlərini xatırladır; duetimiz iki səsin bir ahəngi, bir ruhu, bir rəngi, bir ovqatı kimi səslənir. Oxumağımızın tamaşaçılarda doğurduğu heyranlıq da, məharət də, cazibə də, sənət ustalığı da elə bundadır.
Fərqanənin qəzəl seçməkdə gözəl zövqü var. Hərdən onun şövqnən oxuduğu qəzəllər xoşuma gələndə onları mən də əzbərləyirəm (Gülə-gülə deyir). Day səhnədə bir-birimizə güzəşt yoxdu, meydan döyüş meydanıdı.
lll
Düz deyirsiniz...
"Qarabağ şikəstəsi"ni bir az marş ritminə salıblar. Əlbəttə, mənə elə gəlir şikəstə "Kəsmə şikəstə" ahəngində nə qədər ağır olsa, daha yanğılı alınar. Onun yanğısını ansamblnan, orkestrnən-zadnan çox gur çalırlar. Nəticədə şikəstə gəlib Heyratı ahənginə, ritminə düşür. Həm düşür, həm də qalır elə orda və yanğı, şikəstəlik, həzinlik itir. Belə olanda oxuyanın də zəhməti, sənətkarlığı itir orda. Gözəl sözdür, yaxşı məsləhətdi ki, "Qarabağ şikəstəsi" əvvəlki, ilkin halında - 1,5 oktava aşağı tonallıqda oxunsa, daha effektli alınar. Biz bir neçə dəfə məşqlərimizdə bunu etmişik, pis də alınmayıb. O vaxtlar məşqlərimizi çəkirdik, yəqin hansısa lentdə qalıb...
Hər halda bu barədə fikirləşməyə dəyər... Ya mən, ya başqa bir xanəndə buna cəhd eləsə, inanıram ki, maraqlı olacaq...
İlham RƏHİMLİ



