
Fireland Azərbaycanlılar Birliyi Brüssel şəhərində fəaliyyət göstərən Ten Weyngaert təşkilatının həyata keçirdiyi “Dünya Mətbəxi” layihəsində Azərbaycanı uğurla təmsil edib.
525.az xəbər verir ki, layihənin əsas məqsədi Belçikada yaşayan müxtəlif xalqların milli mətbəxini yerli ictimaiyyətə tanıtmaqdır. Tədbir Azərbaycan Respublikasının Belçikadakı səfirliyin dəstəyi ilə həyata keçirilib.
Aprel ayında keçirilən tədbir Azərbaycan mətbəxinə həsr olunub. Fireland Azərbaycanlılar Birliyinin üzvləri tədbir iştirakçıları ilə birlikdə milli mətbəximizin incilərindən sayılan Azərbaycan plovu və yarpaq dolmasının hazırlanmasını həyata keçiriblər. Dörd saat davam edən interaktiv proqram çərçivəsində qonaqlar həm yeməklərin hazırlanmasında iştirak edib, həm də Azərbaycan haqqında geniş məlumat əldə ediblər.
Tədbir zamanı iştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, milli musiqisi və musiqi alətləri, eləcə də çay süfrəsi ənənələri təqdim olunub.
Proqramın sonunda qonaqlara Azərbaycan çay süfrəsi təqdim edilib. Süfrədə milli şirniyyatlar — şəkərbura, paxlava və müxtəlif mürəbbələr yer alıb.
Bununla yanaşı, tədbir çərçivəsində Azərbaycan milli rəqsləri üzrə qısa workshoplar təşkil olunub. İştirakçılar rəqslərimizin incəlikləri ilə tanış olub, müxtəlif rəqs elementlərini öyrənərək birlikdə ifa ediblər.
Tədbirdə həmçinin Azərbaycan mətbəxinə xas kompotlar və şərablar qonaqlara təqdim edilib.
Fireland Azərbaycanlılar Birliyi bu cür təşəbbüslərlə Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılmasına töhfə verməyə davam edir.



