
"Mərakeşdə əl işlərinin təşviqi və inkişafı ilə məşğul olan “Maison de l’Artisan” qurumunu təmsil edirik. Ölkəmizdə sənətkarlıq sahəsi geniş yayılıb və milyonlarla insan bu sektorda fəaliyyət göstərir. Azərbaycan və digər iştirakçı ölkələrlə təcrübə mübadiləsi aparmaqdan məmnunuq. Eyni zamanda, Bakıda Beynəlxalq Xalça Festivalının yüksək səviyyədə təşkili bizdə böyük təəssürat yaratdı".
525.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərakeşin Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinə tabe “Maison de l’Artisan” qurumunun baş direktoru Tarik Sadiq deyib.
O bildirib ki, Azərbaycan ilə Mərakeş arasında, xüsusilə xalçaçılıq sahəsində bir çox oxşar cəhətlər var. “Toxuma texnikaları, rənglər, ornamentlər və həndəsi elementlər hər iki ölkənin zəngin mədəniyyətini və tarixi irsini əks etdirir. Mərakeşdə 2,5 milyondan çox insan əl işləri sahəsində fəaliyyət göstərir və bu sektor ölkə iqtisadiyyatında mühüm yer tutur. Məhsullarımız dünyanın 100-dən çox ölkəsinə ixrac olunur və bu sahənin inkişafı, təşviqi və qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk”, - deyə T.Sadiq qeyd edib.



