
Avropa Milli Kitabxanaları Direktorları Konfransının (CENL) 40-cı illik iclası uğurla yekunlaşıb.
525.az-a Azərbaycan Milli Kitabxanasından bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinə dair hesabatlar dinlənilib, kitabxanalarda süni intellektin tətbiqi, oxucu auditoriyalarının inkişafı, bərabərlik, müxtəliflik və inklüzivlik, eləcə də milli kitabxanaların istifadəçi məkanları və xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə rəqəmsal dövrdə çoxdilli mədəni irs məlumatlarının qorunması və onların süni intellektə hazırlıqlı Avropanın formalaşmasındakı rolu mövzularında təqdimatlar keçirilib.
İştirakçılar işçi qruplarında müzakirələr apararaq müasir kitabxana fəaliyyətinin aktual istiqamətləri üzrə fikir mübadiləsi həyata keçiriblər. Daha sonra işçi qruplarının nəticələri təqdim olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
İclas çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası”, “Tükənməz xəzinə”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Lüksemburq Milli Kitabxanasının baş direktoru Claude Conterə təqdim edib.
Görüş zamanı kitabxanalar arasında əməkdaşlıq əlaqələri və gələcək birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir CENL-in prezidenti Frank Scholzenin yekun nitqi ilə başa çatıb. Həmçinin 2027-ci ildə keçiriləcək növbəti illik iclasın ev sahibi qismində İsveç Milli Kitabxanası təqdim olunub.



