
Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın ikinci turu çərçivəsində Paraqvaya qarşı keçiriləcək oyunda heyətdə ciddi dəyişikliklər edəcək.
525.az xəbər verir ki, bu barədə “Turkish Football” məlumat yayıb.
Bildirilib ki, ilk turda Avstraliyadan alınan məğlubiyyətdən (0:2) sonra xüsusən hücum xəttində dəyişikliklər olacaq. Ötən oyunda sonradan meydana çıxan “Yuventus”un hücumçusu Kenan Yıldız bu dəfə start heyətində yer alacaq. O, Kərəm Aktürkoğlunu əvəzləyəcək. Barış Alper Yılmaz isə mövqeyini dəyişəcək. Böyük ehtimalla, o, ya hücumun mərkəzində, ya da sağ cinahda yer alacaq.
Yarımmüdafiə xəttində də dəyişikliklərin olacağı güman edilir. Burada Can Uzun və Deniz Gül mümkün variantlar arasındadır.
Həmçinin müdafiənin sağ cinahında da Mert Müldürün Zeki Çeliki əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə millisi Paraqvayla iyunun 20-də üz-üzə gələcək. Pley-offa vəsiqə qazanmaq üçün “ay-ulduzlular” bu matçda mütləq qələbə qazanmalıdırlar.
İbrahim Cəfərov



