
“Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal inflyasiya, beynəlxalq qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və investorların davranışları kimi amillərdən asılıdır. Bu faktorlar dəyişdikcə qızılın dünya bazarındakı qiyməti də dəyişir".
Bu fikri 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. İqtisadçı qeyd edib ki, dünya bazarında qızıl ilin əvvəlindən indiyədək ümumilikdə təxminən 4 faiz bahalaşıb:
"Bununla belə, yanvarın sonundakı pik göstəricilərlə müqayisədə hazırkı qiymətlərdə təxminən 10 faizlik geriləmə müşahidə olunur. İlin əvvəlində qızılın qiymətində kəskin artım olmuşdu. Daha sonra, xüsusilə fevral-aprel aylarında müəyyən ucuzlaşma baş verdi. Buna baxmayaraq, qızıl yenə də ilin əvvəli ilə müqayisədə təxminən 4 faiz bahadır".
İqtisadçının fikrincə, qiymətlərin geriləməsinin əsas səbəbi əvvəllər müşahidə olunan kəskin bahalaşma dalğasının zəifləməsi ilə bağlıdır.
Sevinc Qarayeva



