
Pentaqon İlon Maskın “xAI” şirkəti tərəfindən hazırlanmış Grok süni intellekt alətindən İrana zərbələr endirilməsi zamanı istifadə edib.
525.az bu barədə “Wired” jurnalı ABŞ Müdafiə Nazirliyinin rəqəmsal texnologiyalar və süni intellekt üzrə baş direktoru Kemeron Stenliyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Grok” artıq ABŞ-ın süni intellekt vasitəsilə hədəflərin müəyyənləşdirilməsi proqramı olan Maven Smart Systems (MSS) layihəsində istifadə olunur. Bu proqram əvvəllər Anthropic şirkətinin Claude modeli əsasında fəaliyyət göstərirdi. Stenli Maskın texnologiyasını və “Grok idarəetmə modeli sayəsində əhəmiyyətli dərəcədə artmış əməliyyat səmərəliliyini” yüksək qiymətləndirib.
Stenlinin bəyanatına görə, MSS ağıllı sistemləri hərbi əməliyyat zamanı ABŞ qoşunlarına 96 saat ərzində 2 mindən çox müxtəlif hədəfə 2 mindən çox zərbə endirməyə imkan verib.
Daha əvvəl bildirilib ki, Pentaqon Grok çat-botunun öz məxfi sistemlərində istifadəsinə icazə verib. Mənbələrin məlumatına görə, bu sistem kəşfiyyat məlumatları, silahların hazırlanması və döyüş əməliyyatları ilə bağlı məxfi sahələrdə istifadə olunur.
Pərvanə Sultanova



