
AMEA-nın Gəncə Bölməsindəki tədbiri açarkən bu elm ocağının sədri, akademik Fuad Əliyev Azərbaycan milli ruhunun təzahürü baxımından əlamətdar şəhərlərimizdən olan Gəncənin tarixinin elmi cəhətdən köklü şəkildə işlənilməsi, bu xüsusda onun yerləşdiyi coğrafiyada davamlı arxeoloji tədqiqatların aparılmasının vacib olduğunu bildirib.
O, xatırladıb ki, dahi Nizami Gəncəvinin 870 illiyinin böyük təntənə ilə qeyd edildiyi tədbirlərdən bir qədər sonra, 2013-cü ildə şəhərdə bir çox arxeoloji və etnoqrafik tədqiqatların yenidən aparılmasına böyük etiyac duyulduğu nəzərə alınaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və yerli icra hakimiyyətinin dəstəyi ilə nüfuzlu beynəlxalq arxeoloji ekspedisiya qrupu Gəncə şəhərində və ətraf ərazilərdə arxeoloji qazıntılar aparmış, onun tarixinə dair qiymətli faktlar üzə çıxarmış və yeni yanaşmalar bu şəhərin yaşının 4 min il olduğunu ortaya qoymuşdur.
Akademik Fuad Əliyev seminarda əksərən gənc tədqiqatçıların iştirak etdiyini vurğulayaraq, bu tədbirin onlara Gəncə şəhərinin tarixi-etnoqrafik mənzərəsinin öyrənilməsi yönündə dəyırli məlumat və tezislər verə biləcəyinə inandığını bildirib.
Bu baxımdan, seminarda “Gəncədə aparılmış arxeoloji qazıntıların nəticələri və onların tarixi əhəmiyyəti” mövzusu üzrə Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova çıxış edib.
O, Şərq aləminin əhəmiyyətli yaşayış və nüfuz mərkəzlərindən biri olmuş Gəncə şəhərinin arxeoloji tədqiqatlarının xronologiyasına nəzər salıb. Bu baxımdan, çıxışçı xüsuilə XIX əsrdən etibarən şəhərin qədim və həmin dövrlərdəki tarixini və əhalinin məişətini öyrənmək üçün Avropa və Rusiya tədqiqatçılarının, eləcə də XX əsrdə görkəmli sovet və Azərbaycan alimlərinin, müstəqillik qazandığımızdan sonrakı müasir dövrümüzdə isə aparıcı arxeoloqlarımızın da iştirak etdiyi beynəlxalq ekspedisiyaların nəticələri barədə ətraflı məlumatlar verib, əldə olunmuş artefaktların foto və sxemlərini təqdim edib.
İştirakçılar maraqlandıqları məsələlər barədə sual və mülahizələrini bölüşüblər, həmçinin gənc tədqiqatçılar seminarın Gəncənin arxeologiyası mövzusunda məlumatlarının genişlənməsi baxımından faydalı olduğunu bildiriblər.
Zakir Muradov,
Gəncə




