
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Şeyx Zayed adına Ərəb dili Auditoriyasında “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirilib.
525.az xəbər verir ki, tədbiri açan Şeyx Zayed adına Ərəb dili auditoriyasının direktoru Ülviyyə Hüseynova qonaqları salamlayaraq, mərkəzin iki ölkə arasındakı mədəni-humanitar əlaqələrin inkişafındakı rolunu qeyd edib.
Daha sonra çıxış edən səfirliyin birinci katibi Dr. Bədriyyə Əlşihhi BƏƏ rəhbərliyinin humanitar fəaliyyəti milli məsuliyyət kimi gördüyünü bildirib. Diplomat vurğulayıb ki, dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın göstərişləri sayəsində BƏƏ qlobal yoxsulluğun azaldılmasında və sülhün bərqərar olunmasında donor ölkə kimi ön sıralardadır. O, BƏƏ-nin dünyada tolerantlıq paytaxtına çevrildiyini və ölkədən dünyaya sülh missiyalarının yayıldığını diqqətə çatdırıb.
Tədbirin davamında ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edərək rəsmi tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Prorektor tolerantlıq və multikulturalizmin həm Azərbaycan, həm də BƏƏ üçün ortaq təməl prinsip olduğunu və bu cür platformaların tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rəsmi hissənin sonunda BƏƏ tolerantlıq və birgəyaşayış nazirinin müşaviri Raşid Əl Nəimi dövlət siyasətində dözümlülük və sülh mədəniyyətinin əhəmiyyətini vurğulayıb.
Mövzu ətrafında keçirilən panel müzakirələrdə aşağıdakı şəxslər BƏƏ səfirliyinin birinci katibi Bədriyyə Əlşihhi, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, BƏƏ tolerantlıq və birgəyaşayış nazirinin müşaviri Raşid Əl Nəimi iştirak ediblər.
Sonda fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub.
Pərvanə Sultanova





