
“Bir çox vətəndaş müqavilənin bütün şərtlərini, real faiz yükünü, gecikmə zamanı yaranacaq xərcləri tam anlamadan öhdəlik götürür. Nəticədə kiçik məbləğ kimi görünən borc zamanla ailə büdcəsinə ciddi təzyiq yaradır. Burada maliyyə qurumlarının da məsuliyyəti var. Kredit təklif edilərkən əsas məqsəd yalnız müştəri cəlb etmək deyil, onun ödəmə qabiliyyətini də real qiymətləndirmək olmalıdır. Çünki həddindən artıq asanlaşdırılmış kredit siyasəti qısa müddətdə gəlir yaratsa da, uzun müddətdə həm vətəndaş, həm də maliyyə sistemi üçün risk yarada bilər”.
Bunu 525.az-a iqtisadçı ekspert Asib İbrahimov deyib. İqtisadçı bildirib ki, vətəndaşların ən böyük səhvi isə kreditə əlavə gəlir kimi yanaşmaqdır. Kredit gəlir deyil, gələcək gəlirin əvvəlcədən istifadə edilməsidir. Borclanma artdıqca insanların istehlak imkanları deyil, maliyyə asılılığı da arta bilər:
“Qısaca, onlayn kreditlər müasir maliyyə alətidir, lakin nəzarətsiz istifadə edildikdə sosial və iqtisadi problemə çevrilə bilər. Rahat kredit əldə etmək imkanının artması ilə yanaşı, maliyyə savadlılığı və məsuliyyətli borclanma mədəniyyəti də eyni sürətlə inkişaf etməlidir".
Sevinc Qarayeva



