
İyunun 16-da Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Tolerantlıq evində Azərbaycanda rəsmi səfərdə olan Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Corc Ceykob Kuvakadla görüşdü. Əvvəlcə rəsmi qonağa Tolerantlıq evində nümayiş olunan unikal eksponatlar barədə məlumat verildi. Tolerantlıq evində yaradılan şəraitdən məmnunluğunu ifadə edən Kardinal Kuvakad bu məkanın dinlərarası dialoqa mühüm töhfə olduğunu söylədi, xatirə kitabına ürək sözlərini yazdı. Tolerantlıq evi ilə tanışlıqdan sonra Bütün Qafqazın Şeyxi ilə Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Corc Ceykob Kuvakad arasında rəsmi görüş keçirildi. Kardinalın Azərbaycana gəlişini yüksək qiymətləndirən Hacı Allahşükür Paşazadə, bu səfərin Azərbaycan-Vatikan əlaqələrində yeni yollar açdığını və münasibətləri daha da inkişaf etdirəcəyini diqqətə çatdırdı.
525.az xəbər verir ki, Bütün Qafqazın Şeyxi müstəqillik əldə etdiyimizdən bəri Roma papaları II İohan Pavel və Fransiskin Azərbaycana səfərlərini xüsusi olaraq vurğuladı.
Prezident İlham Əliyevin sayəsində Azərbaycanda hökm sürən tolerant mühitin bütün dünya üçün nümunə olduğunu söyləyən Hacı Allahşükür Paşazadə ölkəmizdə dinlərin bir ailə kimi yaşadıqlarını diqqətə çatdırdı.
Papa Leonun Bütün Qafqazın Şeyxinə salamlalarını Bütün Qafqazın Şeyxinə çatdıran Kardinal Kuvakab Prezident İlham Əliyevlə görüşünü xatırlatdı.
Azərbaycan xalqı və onun liderinin ən ali səviyyələrdə sülhü təşviq etdiklərini təqdirə layiq və nadir hal kimi qiymətlləndirdi: “Sevindirici haldır ki, bu gün
Azərbaycanda fəaliyyət göstərən bütün dini liderlər sülhü və sabitliyi təşviq edirlər. Azərbaycanda mövcud olan insan qardaşlığı dünyaya mesajdır” – sitatın sonu. Kardinal həmçinin 2027-ci ilin hər iki ölkə üçün əlamətdar olduğunu, Müqəddəs Taxt-Tacla Azərbaycan arasındakı diplomatik əlaqələrinin 35 ilinin qeyd ediləcəyini diqqətə çatdırdı.
Daha sonra qarşılıq maraq doğuran məsələlər müzakirə olundu. Qeyd edək ki, Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Con Ceykob Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycanda səfərə gəlib. İyunun 16-da Prezident İlham Əliyev Corc Ceykobu qəbul edib. Kardinalın 17-18 iyun tarixlərində Şəki və Qəbələ şəhərlərindəki alban məbədlərini ziyarət etməsi nəzərdə tutulur.






