
Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Albaniya prezidenti Bayram Beqay ilə görüşüb.
525.az xəbər verir ki, tərəflər iki ölkə arasında praktik əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Prioritet diqqət ticarət dövriyyəsinin artırılmasına, aqrar-sənaye kompleksi, yaşıl enerji, geologiya, informasiya texnologiyaları və rəqəmsallaşma, turizm və bir sıra digər əsas sahələrdə genişmiqyaslı əməkdaşlıq proqramının hazırlanmasına yönəldilib. Həmçinin Özbəkistan məhsullarının Cənubi Avropa və Aralıq dənizi bazarlarına çatması üçün Albaniyanın Durres limanından logistika mərkəzi kimi istifadə imkanlarının araşdırılması qərara alınıb.
Ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlıq üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. İqtisadi əməkdaşlıq gündəliyinin təşviqi məqsədilə Hökumətlərarası Komissiyanın yaradılması və onun bu il ilk iclasının Daşkənd şəhərində keçirilməsi barədə razılıq əldə olunub.
Liderlər, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Pərvanə Sultanova



