
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən sahibkar Xalid Fehruz oğlu Cəfərova məxsus pendir istehsalı müəssisəsində yoxlama keçiriblər.
525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə müşayiətedici sənədləri olmayan pendirin istehsal edildiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



