|
|
|
|
Yaxın vaxtlarda “Qorxu altında” adlı filmin çəkilişlərinə başlanılacaq. Film tərbiyəvi və maarifləndirici xarakter daşıyır və əsas mövzu kimi gənclərin narkomaniyadan çəkindirilməsi və bu bəlanın yaratdığı fəsadlardan törəyən “mutant”ların insanlara qarşı olan münasibətlərindən bəhs edilir.
“N. A Group of Media” nın moderatoru Nigar Şamilbəylinin verdiyi məlumata görə, filminin seçim turları başa çatıb. Seçimlərə ümumilikdə 450 nəfərdən artıq iştirakçı qatılıb. Münsiflər heyəti tərəfindən onlardan yalnız əllisi filmdə rol almağa şansı qazanıb. Azərbaycan kinofilm sahəsi üçün yeni janr olan bu ekran əsrinin ssenari müəllifi və quruluşçu rejissoru Namiq Əlioğludur.
Filmin süjet xətti üzrə hadisələrin bu şəkildə cərəyan etməsi nəzərdə tutulub: Təbiətin qoynuna ad günü qeyd etməyə gələn bir neçə gənc həmin meşədə yaşayan “honibal mutant”ların təcavüzünə məruz qalaraq yaşamaq üçün mübarizə aparmağa başlayırlar. Həyatda əyləncə üçün yaşayan gənclər sağ qalmaq uğrunda mübarizə apararkən son anda həyatı dərk etdiklərini anlayırlar. Bu filmin maarifləndirici və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, insanlar yaşadıqları həyatın dəyərini anlamalıdırlar.
N.Şamilbəyli onu da qeyd edib ki, “Qorxu altında” filminin Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində çəkilməsi planlaşdırılıb. Çəkilişlər may və iyun ayları üçün nəzərdə tutulub. Sentyabr və ya oktyabr aylarında isə artıq bir çox kinoteatrlarda film izləyicilərin ixtiyarına veriləcək.
Filmin quruluşçu operatoru Anar Məmmədov, operatorları Rövşən Namazov və Hüseyn Əsgərov, səs rejissoru Serqey Netronenkodur.
S.ABDULLAYEVA