Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn il orta məktəblərin 9-cu sinifləri üzrə təkrar imtahanlar payızda deyil, yazda keçiriləcək.
525.az-ın məlumatıma görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Abbaszadə qeyd edib ki, payız imtahanında kəsilən şagirdlər hazırda arayış alırlar, onlar gələn il yenidən imtahan verib şəhadətnamə almaq hüququna malikdirlər:
“Təkrar imtahanların yazda keçirilməsi həmin şagirdlərə şəhadətnamə almaq və ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etməyə imkan verəcək”.
TQDK sədrinin sözlərinə əsasən, sentyabrın 9-da keçirilən payız imtahanında iştirak edən 28 mindən çox şagirddən 16933 nəfəri Riyaziyyat, 10125 nəfəri Ana dilindən imtahan verib. Riyaziyyatdan imtahan verən şagirdlərin 4821 nəfəri, Ana dili fənnindən imtahan verən 2406 şagird “2” qiymət alıb. Ümumilikdə 9 illik baza üzrə ilkin buraxılış və təkrar imtahanlarda 117363 nəfər iştirak edib. Onlardan 63372 nəfəri oğlan, 53991 nəfəri qızlar olub. İmtahanın nəticələrinə əsasən, hər iki imtahanda iştirak edən şagirdlərin 81 faizi imtahanlardan müvəffəq qiymət alıb. Qalan şagirdlər isə kəsilib.
S.QARAYEVA