|
|
|
|
Dörd il açılmayıb burda könüllər,
Dörd il Bakıda da yaz olmayıbdır.
Qəhrəman şəhərin çəkdiklərindən
Bakının çəkdiyi az olmayıbdır.
Oynamaq olmazdı çiçəklə,güllə,-
Onu ana Vətən haraylayırdı.
Cəbhədə birinə atılan güllə,
Arxada bir nəsil yaralayırdı.
Bakı qılınc kimi qalmadı qında,
Sıyrıldı kədərin, min qəmin üstə,
Tankın, təyyarənin matorlarında,
Bakı yeriyirdi düşmənin üstə.
Axırdı cəbhəyə qara seliylə,
Dilə də gətirməz əzabını o,
Atılan topların alov əliylə
Cəbhəyə yazmışdı öz adını o.
Bakı neçə-neçə cəbhə yarırdı,
Yolu irəliydi,
yalnız irəli,
Bir əli torpaqdan neft çıxarırdı,
Bir əli cəbhədə yanırdı,bəli!
Yuxada ən ağır top, tanklarıyla
Düşmən yer üzündən pozmuşdu onu.
Fürer qan qoxuyan dırnaqlarıyla
Hələ xəritədə cızmışdı onu.
Dönün o illərə, bir salın nəzər,
Barı o günləri düşünün, anın.
Bir neft dənizinə dönmüşdü Xəzər,
Hələ də neftlidir suları onun.
Şöhrət istəməyir bu qəlbi dəniz,
Onda ünvanı var hər gələn yazın.
Qəhrəman şəhərlər cərgəsində siz,
Yazın!
Bakının da adını yazın!
Nüsrət KƏSƏMƏNLİ