|
|
|
|
Avropanın şərqşünaslıqla bağlı bir sıra nüfuzlu nəşrlərinin mərkəzi olan BRİLL nəşriyyatının dərc etdiyi İslam Əlyazmaları Jurnalının (Journal of Islamic Manuscripts) sonuncu sayında (2015/6) Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, Stalin repressiyasının qurbanlarından biri Salman Mümtazla bağlı məqalə (səh 17-46) dərc edilib.
Məqalənin müəllifi Bakı Dövlət Universitetinin professoru, ərəbşünas alim Aida Qasımovadır. “İslam Əlyazmalarına qarşı qırmızı terror: Salman Mümtazın əlyazma kolleksiyası” (Red Terror against Islamic Manuscripts: The Case of the Manuscript Collection of Salman Mumtaz) adlanan məqalədə XX əsr Azərbaycan ictimai-siyasi fikrinin görkəmli simalarından olan ədəbiyyatşünas alim Salman Mümtazın faciəli taleyi, onun nadir əlyazma kolleksiyası barədə tam məlumat yaranır. Otuz səhifəlik məqalənin əvvəlində müəllif Ədalət Tahirzadə, Cəlal Qasımov, Nəcəf Nəcəfov, Rasim Tağıyev və digər müəlliflərin əsərləri, eləcə də alimin Əlyazmalar İnstitutundakı şəxsi arxivi, MTN arxivindəki cinayət işinin qovluğunda hifz olunan materiallar və nəvəsi Urxun Qalabəyli ilə olan söhbətlər əsasında Salman Mümtazın tərcümeyi-halını təsvir edir.
Əsərin bu hissəsində məqalə müəllifi Cəmil Həsənlinin, Cəlal Qasımovun və Ziya Bünyadovun əsərlərinə istinadən Azərbaycan ziyalılarına qarşı repressiya əməliyyatlarında türk-erməni düşmənçiliyinin acı nəticələrə gətirib çıxarmasını, Azərbaycanın repressiya maşınında mühüm hissələri idarə edən daşnak düşüncəli ermənilərin xalqımızın ziyalı təbəqəsinə vurduğu yaraları xüsusi vurğulayır. Sonrakı paraqraf əlyazma kitabına qarşı qırmızı terrora həsr olunub. Məqalə müəllifi Salman Mümtazla yanaşı qırmızı terror qurbanı olmuş bir çox ziyalıların kitab kolleksiyalarının məhv edilməsindən bəhs edir.
Məqalənin dəyərli cəhətlərindən biri dipnotlarda Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Bəhlul Behcət və bir çox başqa terror qurbanları barədə qısa da olsa məlumatlar verilməsidir.
Daha sonra məqalə müəllifi Salman Mümtazın öz əsərlərində qeyd etdiyi məlumatlar və 1963-cü ildə bir qrup ziyalının tərtib etdiyi siyahı əsasında Salman Mümtazın kitabxanasında (Kitabxaney-i Mümtaziyyə) hifz olunmuş nadir əlyazma nüsxələrinin təsvirini verir. Surəti o dövrdə DTK-da köçürülmüş siyahı natamam və xətalarla dolu olsa da, o, Salman Mümtazın kitabxasının tutumu barədə mühüm qaynaq sayılır. Məqalə müəllifi adı çəkilən siyahıdakı əsərlərin tam adını bərpa edir, bir çox hallarda bu və ya digər əsərin müəllifini göstərir və onları aşağıdakı mövzular üzrə təsnif edir:
1) Təzkirə ədəbiyyatı
2) Şeir divanları
3) Tibbə dair əsərlər
4) Antologiyalar
5) İzahlı lüğətlər və ensiklopediyalar
6) Sufizmə dair ədəbiyyat
7) Şiə məzhəbi ilə bağlı əsərlər
8) Tarix, coğrafiya və s. elm sahələri ilə bağlı ayrı-ayrı əsərlər
9) Şəxsi arxivlər
Məqalə müəllifi Salman Mümtazın itmiş kitabxanası barədə araşdırma zamanı belə bir nəticəyə gəlir ki, Salman Mümtaz həbs olunarkən onun kitabları yük maşınına yığılaraq, Salmanın özünün aparıldığı maşına isə cəmi iki çamadan (121 ədəd) kitab qoyulub. NKVD həbsxanasına ancaq həmin çamadandakı kitablar gedib çıxıb, onlar da istintaq əhəmiyyətli sayılmadıqları üçün məhv edilib. Yük maşını isə yoldaykən başqa istiqamətə yönəlib, yəni nadir əlyazma kitabları oğurlanıb çox güman ki, başqa şəhərə aparılıb.
Aida Qasımovanın məqaləsi Avropa şərqşünaslığının diqqətini Azərbaycanın görkəmli elm və mədəniyyət xadiminin həyat və fəaliyyətinə cəlb etməklə yanaşı, həm də ölkəmizin əlaqədar təşkilatları qarşısında Salman Mümtaz kitabxanasının axtarılması kimi mühüm bir məsələ də qaldırır.
Aida Qasımovanın sözlərinə görə, onun bu məqaləsi əsasında Hollandiyanın çoxtirajlı liberal qəzetlərindən birində Salman Mümtazla bağlı böyük bir material hazırlanıb. O, məqalənin ərsəyə gəlməsində ona kömək göstərmiş, Salman Mümtazın şəkillərinin, bir sıra arxiv materiallarının və müvafiq ədəbiyyatın əldə edilməsində yardımını əsirgəməmiş Ədalət Tahirzadəyə, Cəlal Qasımova, MTN-nin adını çəkmədiyi bir zabitinə, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimova, Kamandar Şərifliyə, Məmmədəli Babaşlıya, Rza Xəlilova, Salman Mümtazın nəvəsi Urxun Qalabəyliyə və Elmlər Akademiyasının işçisi Bünyamin Seyidova öz dərin təşəkkürünü bildirib.
VƏFA