Tənha adam
Sıxacaq qəlbimi tənhalıq hissi,
Doğmalıq hissinə özgəyəm, yadam.
Bu qərib gecənin qaranlığından,
Bir işıq gəzirəm sabaha çıxam.
Uşaqlıq illərim xatirə köçü,
Gizlənpaç oynunu sevərdi könlüm.
Həyətdə qarğıdan atımız vardı,
Taxta avtomatla vursunlar, ölüm.
İndi uşaqlığın həsrətindəyəm,
Çörək doldurardım qara teştlərə.
Hərdən göy üzündə ulduz sayardım,
İndi pul sayıram kirəkeşlərə.
Neçə qız gözümdən od götürdülər,
Səhər havasında üşüyüb qaldım.
Şair baxışından pay ötürdülər,
Tənha küçələrdə xəyala daldım.
Bu da taleyimin cavan çağları,
İyirmi beş ildir, tənhayam, təkəm.
Mən Tanrı quluyam, Tanrı eşqinə
Bu qərib şəhərdə bir daxma tikəm.
Sən gəlin köçürsən
Sən gəlin köçürsən, nə danış, nə din,
Telinə düzülsün gül ləçəkləri.
Sənə bəxş etməyə sevdiyin oğlan,
Yaman əzizləyir gül-çiçəkləri.
Boynu bükülüdür xatirələrin,
Gedirsən yollar da sevilir bu gün.
Ata baxışları, ana qayğısı,
Gəlinlik donuna geyilir bu gün.
Səni qərib ocaq gözləyir indi,
Qurbanlıq kəsməyə qoç gətiriblər.
Ayağı qarışqa əzməyən qızın,
Ayağın altına dərd ötürüblər.
Pilləkən-pilləkən düzülən qabı,
Sındıra-sındıra keçərsən, gəlin.
Sənə bəd göz ilə baxan gözləri,
Süzgün baxışlarla seçərsən, gəlin.
Özgə ev qəlbini sıxmasın inan,
Qəriblik bir anda canından çıxar.
Ata ocağında isinən qızın,
Vağzalı səsində üşüməyi var.
Səhv etməmişəm
Deyirəm, nə qədər bəxtiyaram mən,
Seçəndə dostları səhv etməmişəm.
Çətində çoxunu edib imtahan,
Bircə səhvlərini məhv etməmişəm.
Donuq təbəssümü üzdən seçmişəm,
Ürək saflığını sözdən seçmişəm.
Qəlbimə yatanı gözdən seçmişəm,
Dodaqda bir gülüş əfv etməmişəm.
Neçə könüllərə səfərim olub,
Neçə duyğulardan xəbərim olub.
Şəhriyar, mərd sözüm şəkərim olub,
Namərd süfrəsində kef etməmişəm.
Deyiləm
Mən yaşa dolduqca dilək çoxaldı,
Ülvi duyğulardan uzaq deyiləm.
Mən könül istədim, sən cəfa verdin,
Bu da qəbulumdu, qorxaq deyiləm.
Dəyibdir xətrinə mənim bir sözüm,
Gecələr yuxuya həsrətdir gözüm.
Nə qədər dərdim var, çəkərəm özüm,
Sənin sevincinə ortaq deyiləm.
Sən dəli eylədin, el mənə gülməz,
İstər min əzab ver, qəddim əyilməz.
Od tutub yanaram, bir kimsə bilməz,
Atəşi görünən çıraq deyiləm.
Meyvəm məhəbbətim, özüm bir bağam,
Səni sevəcəyəm nə qədər sağam.
Sevsən, səadətdən məst olacağam,
Sevməsən, eşqinə yamaq deyiləm.
Yaşadan gərək
Deyirsən, hicranda vüsal axtaraq,
Möcüzə göstərək sevilənlərə.
Mənim məhəbbətim dillər əzbəri,
Nə cavab verəcəm deyilənlərə...
Axı ürəyimin daş səkisi var,
Uçulub tökülən qırıntılardı.
Sənin ürəyinin ev çəkisi var,
Mənim taleyimdə qazıntılardı.
Bu necə təklifdi gəldi üstümə,
"Barışaq" sözünü nə sayaq dedin.
Mənim əvəzimə mənim yerimə,
Yenidən məhəbbət yaşayaq dedin.
Alışan sevgidi yazı masamda,
Hicranda vüsala qarışan ürək.
Özüm əvvəlkitək yaşamasam da,
Səni əvvəlkitək yaşadam gərək.
Səni sevdim
Səni sevdim!
Günəş kimi
Hərarəti sənə çatsın
Sevmədim ki,
Səhər çıxıb axşam batsın
Səni sevdim!
bir ananın övladına sevgisitək
sevdim səni
dağlar kimi zərvəsində qar olmağa
sevmədim ki,
dağ bildiyim o sevginin
təpəsindən yıxılmağa
sevdim səni
yazdığım hər misraları
sevən kimi
sevməmişəm ad günündə
zəif şeir deyən kimi
sevdim səni
dərdin-qəmin sahibitək
həsrətini sevən kimi
sevmədim ki,
həsrətini çəkə-çəkə
unudarıq sevgimizi
sevdim səni
intizarla gözlədiyim
sabahımda yaşanacaq
o gün üçün.
Şəhriyar SEYİDOĞLU