|
|
|
|
Beynəlxalq Muğam Mərkəzində şairə Nurəngiz Günün xatirəsinə həsr olunan V Azərbaycan Şairlər Günündə iştirakçılar çağdaş poeziyamızın sevgidən, həyatdan güc alan nümunələrinə qonaq edildi.
“Artıq beş ildir ki, Şairlər Günü hər il iyun ayında qeyd olunur. Hər il bu bayramın nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə - 5 iyun tarixdə keçirilməsi qərara alınıb. Həmçinin Xalq şairi Vaqif Səmədoğlu da bu tarixdə dünyaya gəlib. Budəfəki Şairlər Günü çağdaş poeziyamızın tanınmış nümayəndəsi Nurəngiz Günün xatirəsinə həsr olunub. Çox sevindiricidir ki, ilk dəfə olaraq Şairlər Günü hər hansı bir şairin xatirəsinə həsr olunur. Bundan sonra hər il Şairlər Günü dünyasını dəyişən bir şairin xatirəsinə həsr ediləcək”. Bunları Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat xidmətinin rəhbəri şair Xəyal Rza qeyd etdi.
“Mən ədəbiyyat üzünə, oxucu üzünə utanmadan gəlmişəm. Hər sətirdə, hər yazanda bir Allah bilir ki, ürəyimdən nələr süzülürdü...”, - deyən Nurəngiz Günün insanlara nur çatdırmaq istəyən misraları şairənin köhnə lent yazılarının yaddaşından səsləndi. “Hamını xoşbəxt görmək istəyirdi. Ən çox Vətənini. Çap olunan kitablarının sayı çox olmasa da, hər birində insan, Vətən yanğısı vardı”,- deyə səslənən həzin fikirlərə: “Əgər məndən humanizm əsirgəməmisənsə, buna görə sənə şükür edirəm, Allahım! Buna görə özümdə nikbinliyi öldürməməyə, yaşamağa dəyər”, - deyən şairənin ürək sözləri qarışdı.
“Azərbaycana şairlər diyarı deyirlər. Bu, Azərbaycanın həm xoşbəxtliyi, həm də bədbəxtliyidir. Xoşbəxtliyidir ona görə ki, Azərbaycanda çox gözəl şairlər yetişib. Bədbəxtliyidir ki, hamı özünü şair bilir”,- sözləri ilə çıxışa başlayan Xalq yazıçısı Anar daha sonra dedi: “Ona görə də bu çətin seçim içərisindən tarixdə əsl şairlər qalır. Çox yazanlar var, amma tarixdə az yazanlar qalır”. 5 iyunun tarixdə Mikayıl Müşfiq və Vaqif Səmədoğlu kimi şairlərin doğum gününün olduğunu xatırladan Anar fikirlərinə bunları əlavə etdi: “Müşfiq cəmi 28 il, Vaqif isə 76 il yaşayıb. Amma ikisi də vaxtsız gedib. Çünki şair nə vaxt ölürsə, yaşından asılı olmayaraq, vaxtsız ölür. Eləcə Nurəngiz xanım da vaxtsız getdi dünyadan. Yaşından asılı olmayaraq, onun itkisi də bizim üçün vaxtsız və ağır oldu. Şairlərin xoşbəxtliyi odur ki, onlar dünyanı tərk edəndən sonra sözləri qalır. Onların davamçıları yaşayır. Biz durduqca və bizdən sonra gələcək nəsillər yaşadıqca ölməz şairlərimizin sözü, şeiri həmişə yaşayacaq”.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında Yazıçılar Birliyinin poeziya bayramını hər il keçirmək təşəbbüsünü alqışladı: “Mən fikirləşirəm ki, əgər qədim dövrlərdən başlayaraq bugünkü günə qədər şairlərimizin doğum tarixini yazıya alsaq, 365 günün hər günündə mütləq bir şair dünyaya gəlib. Hətta elə ola bilər ki, bəlkə eyni gündə 2-3 şair dünyaya gəlib. Həmin şairlərin tərcümeyi-halındakı tarixləri, ən önəmli hadisələrin hər birini tarixə çevirsək, demək, Azərbaycanın hər günü poeziya qatı ilə zəngindir... Azərbaycanda Şairlər Gününü qeyd etmək, əlbəttə, ədəbiyyat faktorudur. Bu, ədəbiyyatda seçimə diqqəti yönəltmək üçün son dərəcə əhəmiyyətlidir. Eyni zamanda, böyük ədəbiyyatın ideallarını bugünkü günün gündəminə gətirmək, bundan sonra bədii sözün gücü, yeni nəslin enerjisi ilə ədəbiyyata daha da kömək etmək deməkdir”.
İ.Həbibbəyli qeyd etdi ki, Nurəngiz Gün öz yaradıcılığının tutumu, qayəsi, üslubu etibarı ilə Müşfiqdən Vaqif Səmədoğluna qədər Azərbaycan şeirini, xalqımızın keçdiyi yolun ağırlığını, zərifliyini, ucalığını ədəbiyyata gətirib və bu vəhdət bu gün öz mahiyyətini meydana qoya bilir”.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslanın fikrincə, Nurəngiz Gün bu dünyanın pəncərəsindən baxıb keçərkən özündən sonra gözəl xatirələr və izlər qoyub: “O, Azərbaycan xalqı üçün qızı, millət vəkili Jalə Əliyeva kimi bir övlad qoyub gedib”. Artıq Azərbaycandakı missiyasının başa çatdığını diqqətə çatdıran Seyid Əhməd ölkəmizdə çalışdığı üç il müddətində Azərbaycanın mədəniyyət və sosial həyatına aid mühüm tədbirlərə dəstək göstərdiklərini vurğuladı”.
Şeirin, poeziyanın Azərbaycan xalqının qanında, canında olduğunu bildirən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi: “Hər kəsin içində bu cür incə, zərif duyğular var”, - dedi. - Ona görə də “Azərbaycan xalqı şair xalqdır” deyirlər. Azərbaycan xalqı istər qadın, istərsə də kişi şairlər olsun - böyük sənətkarlar yetişdirib. Mənə elə gəlir ki, əsl şeirə və sənətə qiymət vermək üçün bir az zaman lazımdır ki, ona kənardan baxasan. Çünki böyük sənət yanında olanda bəzən onun böyüklüyünü hiss edə bilmirsən”.
Dünyanın müxtəlif ölkələrindən gecəyə qatılan incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar çağdaş poeziyamızın yeni nümunələri ilə tanış olmaqla yanaşı, milli musiqimizin də dinləyicisinə çevrildilər. Ölkəmizin və rus, gürcü, özbək, türk və s. xalqların ədəbiyyatının təmsilçiləri olan şairlər həyata, dünyaya və insana məhəbbət hissindən yaranmış şeirlərini oxudular. Mərasimdə xarici ölkələri təmsil edən şairlərə “Mikayıl Müşfiq” diplomu və Nurəngiz Günün “Qalanlara” kitabı hədiyyə edildi. Hədiyyə alanlar içərisində Ukraynanın tanınmış radio aparıcısı Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Moskvada yaşayan şairəmiz Nilufər Şıxlı və başqalarının da adı yer aldı. Bir neçə azərbaycanlı qələm sahibinə də “Mikayıl Müşfiq” mükafatı təqdim olundu.
Millət vəkili Jalə Əliyeva anası Nurəngiz Günün xatirəsinə həsr olunan gecəyə görə təşkilatçılara minnətdarlığını bildirib.
Təranə MƏHƏRRƏMOVA