Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.
*** 15:18
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.
Qeyd edək ki, Suriyanın Kobani şəhərinə yola düşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onların hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub. Əksəriyyəti kürdlərdən ibarət olan həmin gənclər keçirdikləri ötən gün mətbuat konfransında müharibə nəticəsində dağılan Kobanidə bərpa işləri həyata keçirəcəklərini bəyan etmişdilər.