“İlham Əliyevin Azərbaycana rəhbərliyi etdiyi 9 ildən artıq bir müddət ərzində çox böyük işlər görülüb. Bu illər ərzində Azərbaycan ölkə Prezidentinin rəhbərliyi ilə çox böyük uğurlara imza atıb”.
525.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra kaitibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkə Prezidenti İlham Əliyevin ad günü ilə bağlı dekabrın 24-də jurnalistlərə açıqlamasında deyib.
YAP rəsmisinin qeyd etdiyinə görə, bu dövr ərzində istər iqtisadi inkişaf sahəsində, istər tikinti-abadlıq, quruculuq işləri sahəsində, istərsə də digər sahələrdə böyük və dinamik addımlar atılıb:
“Bu dövr ərzində görülən işlər demək olar ki, bütün sahələri əhatə edib. Hər bir sahədə uğurlar göz önündədir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, Şuraya sədrlik etməsi “Avroviziya 2012” mahnı müsabiqəsinin keçirilməsi və digər məqamlar Azərbaycanın uğurlarından xəbər verir. Növbəti uğurlarımızdan birinin də sırasına bu günlərdə daha biri əlavə olundu ki, bu da Avropa Olimpiya Oyunlarının 2015-ci ildə ilk dəfə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsidir.
Odur ki, bu uğurlar və ad günü münasibətilə ölkə Prezidenti, partiyamızın sədri İlham Əliyevi təbrik edir, ona can sağlığı, işlərində növbəti müvəffəqiyyətlərə çatmağı arzu edirəm”.
Kamil Həmzəoğlu