"Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı məruzəni deyil, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərin hazırladığı məruzəni əsas sənəd hesab edir. Odur ki, bir sıra KİV-də Kristof Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı siyahıdan kimlərinsə çıxarılması məlumatları həqiqətə uyğun deyil".
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
"Ola bilsin ki, Ştrasserin hazırladığı siyahı ilə Monitorinq Komitəsinin hazırladığı siyahıdakı insanlar üst-üstə düşsün. Azərbaycan onun hazırladığı məruzə ilə işləyə bilməz, çünki onun məqsədləri başqadır. Biz Monitorinq Komitəsinin hazırladığı məruzə ilə işləyirik", - Seyidov bildirib. Millət vəkili onu da vurğulayıb ki, Ermənistan tərəfi hər zaman olduğu kimi Azərbaycana qarşı qərəzli mövqe göstərəcək.
"Ermənistan tərəfi Azərbaycanla bağlı məsələdə hər zaman bizə qərəzli mövqe nümayiş etdirməyə cəhd edir. Əminəm ki, qış sessiyasında ermənilər bizi istəməyən qüvvələrlə birləşib ölkəmizə qarşı fəaliyyət göstərəcəklər. Azərbaycanla bağlı hazırlanan sənəddə ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsi öz əksini tapdığına görə ermənilər daha aktiv fəaliyyət göstərəcəklər. Onlar sənədə ciddi müdaxilə edə bilmədiklərinə görə Dağlıq Qarabağla bağlı hansısa alternativ sənəd ortaya qoymaları qaçılmazdır. Ancaq unutmaq lazım deyil ki, Monitorinq Komitəsinin hazıladığı məruzə Avropa Şurası tərəfindən irəli sürülür, ermənilər tərəfindən hazırlanan sənəd isə ermənilər tərəfindən", - Seyidov deyib.