
“Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup məhkumun əfv olunaraq azadlığa çıxması humanizmin təcəssümüdür. Azərbaycan Prezidenti yannıda Əfv Məsələləri Komissiyası hələ Ulu öndər Heydər Əliyevin qərarı ilə yaradılıb və bu komissiyanın fəaliyyəti dövründə minlərlə məhkum azadlığa qovuşub”.
525.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin üzvü Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, bu addım təkcə məhkumlara deyil, onların ailələrinə edilən humanizm addımıdır. M.İbrahimqızının sözlərinə görə, belə bir siyasətin həyata keçirilməsi insan hüquq və azadlıqlarının qorunması istiqamətində ən yüksək fəaliyyət kimi dəyərləndirilməlidir:
“Bildiyiniz kimi, ölkə Prezidenti mütəmadi olaraq əfv sərəncamları imzalayır. Müvafiq komissiya da daimi olaraq fəaliyyət göstərir. Əfv sərəncamları əsasında məhkumların azadlığa qovuşması eyni zamanda, ictimai tərbiyədir. Yəni, ölkə rəhbəri digər vətəndaşlarla yanaşı, cinayət törətmiş məhkumlara da qarşı dövlətin humanizm siyasətini tətbiq edir. Bu addımın ictimaiyyətin humanizm ruhunda tərbiyələnməsində də böyük rolu var, eləcə də məhkum olmuş şəxslərin cəmiyyətə inteqrasiyasında, islah olunmasında da əhəmiyyətli rol oynayır. Bu, cəmiyyətə də bir mesajdır: Yəni insan səhv edə bilər, hansısa cinayət törədə bilər, amma insan törətdiyi əməldən peşmandırsa, bu peşimançılığın təsiri altında əfv olunmasını diləyirsə və onun əfv olunması ən böyük humanizmdir”.
Kamil Həmzəoğlu



