
rayonların həyatını işıqlandıran materiallarla təmin edirdilər. “Muğan” rayonlararası qəzet kimi cəmi 3 il fəaliyyət göstərib, rayonlar öz qəzetlərinin buraxılışını davam etdiriblər. “Muğan” qəzeti isə RPK-nin və XDS-nin orqanı kimi Sabirabad rayonu çərçivəsində fəaliyyət göstərib”. P.Məmmədova qeyd edib ki, qəzetin keçdiyi dövrdən danışarkən rayonun inkişaf yoluna nəzər salmaq lazımdır: “Bu baxımdan 1969-1982-ci illər Azərbaycanda bütün sahələrin, o cümlədən mətbuatın və jurnalistikanın inkişafında çox mütərəqqi dövr olub. Respublikanın mətbu orqanlarının, o cümlədən rayon qəzetlərinin inkişafı, redaksiyaların ixtisaslı jurnalist kadrları ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Mətbəələr ilbəil müasir poliqrafiya maşınları ilə təmin edilir, qəzetlərin tirajı yüksəlirdi. Bizim qəzetin tirajı da artıq 20 min nüsxə həddinə çatmışdı. O dönəmdə Azərbaycan KP MK-nın birinci katibi olan ümummilli liderimiz Heydər Əliyev hər il, bəzən ildə iki dəfə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşüb, onların işi və qayğıları ilə yaxından maraqlanırdı. Respublika rəhbəri səfərləri zamanı görkəmli alimləri, tanınmış mədəniyyət xadimlərini, yazıçı və şairləri də özü ilə gətirirdi. Bu isə zəhmətkeşlərin əmək coşqunluğunun artmasına, ruh yüksəkliyinə səbəb olurdu. O illərdə pambıqçılıq rayonlarının zona müşavirələri Sabirabadda keçirilirdi. Rayonumuzda pambıq istehsalı 110 min tona çatmışdı. Rayonda hər il məhsul bayramları keçirilir, qabaqcıllara minik avtomobilləri, qiymətli hədiyyələr və s. verilirdi. Sabirabadlıların əziz dostu Heydər Əliyev rayon əhalisinin arzu və istəklərinin reallaşmasına yaxından kömək göstərirdi. Rayonda tikinti-quruculuq işləri ilbəil genişlənirdi. Kür çayının üzərində nəhəng körpü, möhtəşəm mədəniyyət sarayı, müasir məktəblər, rabitə, səhiyyə və mədəniyyət ocaqları, qrup su kəməri qurğusu, çoxmərtəbəli yaşayış evləri və digər sosial tikililər az müddət ərzində rayonun simasını tanınmaz dərəcədə dəyişmişdi. Bu obyektlərin bir çoxunun təntənəli açılışında ümummilli lider Heydər Əliyev şəxsən özü iştirak edib. Respublika rəhbərinin rayonumuza səfərləri, əhali ilə görüşləri, kənd təsərrüfatında qazanılan uğurlar, rayonda aparılan işlər “Muğan” qəzetinin səhifələrində özünə yer alan qiymətli materiallardır və həmin illərin qəzet bağlamaları redaksiyamızın arxivində bu günədək qorunub saxlanılır. Onu da qeyd edək ki, o vaxt taxılçıların sosializm yarışını operativ işıqlandırmaq üçün məhsul yığımı dövründə qəzeti gündəlik çıxarırdıq. Doxsanıncı illərdə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsinin acıları, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması nəticəsində doğma yurdlarından zorla çıxarılan 20 mindən artıq soydaşımızın Sabirabadda məskunlaşması, şəhidlərimizin qəhrəmanlıq dolu şərəfli ömür yolu, Qarabağ əlillərinin qayğıları... Bütün bunlar o dövrdə qəzetimizin əməkdaşlarının qələmə aldıqları mövzular olub. Qaçqın və məcburi köçkünlərin ilk gündən qəzetimizlə sıx bağlılığı yarandı. Onların həyatından bəhs edən materiallar, köçkünlərin bədii yazıları qəzetin hər nömrəsində “Yurd həsrəti” adlı xüsusi səhifədə dərc olunurdu. Qəzeti çətinliklə buraxdığımız həmin çağlarda mətbəəmizdə məcburi köçkün və qaçqın şairlərin şeir kitablarını nəşr edirdik”. Baş redaktor bildirib ki, 1992-ci ildə qəzet təsisçilərinin və çoxsaylı oxucuların təklifi ilə qəzetin adı dəyişdirilərək “Suqovuşan” adlandırılıb”. (Ardı var) Bəxtiyar MƏMMƏDLİ



