“İctimai Palata adlanan qurumun qarşıdan gələn prezident seçkilərində iştirakla bağlı son qərarı siyasi aləmdə heç nəyi dəyişmir və dəyişməyəcək. Bu “təşkilat”da təmsil olunanlar belə bir qərar verməklə süni birlik və əməkdaşlıq görüntüsü yaratmağa çalışsalar da, onların bu cəhdləri də heç bir səmərə, effekt verməyəcək və növbəti fiasko ilə nəticələnəcək”.
525.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Jalə Əliyeva İctimai Palatanın 5 yanvar tarixli sessiyasının məlum qərarını şərh edərkən bildirib.
Millət vəkilinin qeyd etdiyinə görə, əslində iki il öncə məhdud sayda müxalif bir qrup tərəfindən təsis edilən İctimai Palata adlı qurumun yarandığı gündən ölkədəki ictimai-siyasi proseslərə ciddi təsiri olmayıb və ötən dövrdəki “fəaliyyəti”ndə də hansısa yaddaqalan məqam özünü büruzə verməyib:
“Bildiyiniz kimi, bu qurum yaradılarkən onun təsisçiləri tərəfindən gurultulu vədlər, bəyanatlar verilirdi, guya ki, bu qurum ölkədə köklü siyasi dəyişikliklərə, nə bilim nələrə nail olacaq və sair. Ancaq özünüz də gördüyünüz kimi, ötən dövr ərzində bu bəyanatların, vədlərin nəinki hansısa biri özünü doğrultdu, heç bu qurumun özünün varlığı-yoxluğu belə siyasi aləmdə hiss olunmadı. Bu qurum daxilində xüsusilə, son vaxtlar yaşananlar, yəni, “Müsavat”la AXCP arasındakı növbəti ziddiyyətlər, “vahid namizəd” utopiyasının növbəti dəfə iflası İctimai Palatanın özünün iflasının qaçılmaz olduğunu bir daha nümayiş etdirdi.
İndi bütün bunlardan sonra heç nə olmamış kimi - “Müsavat”la AXCP, eləcə də, bu düşərgəyə yaxın digər müxalif siyasi qüvvələr arasında , o cümlədən, İctimai Palatanın özündə yaşanan ziddiyyətləri pərdələmək üçün bu cür qərarın verilməsi belə bu qurumu və onun iştirakçılarını siyasi iflasdan sığortalamır və sığortalamayacaq. Müxalifətin qarşıdan gələn seçkilərdə də iflası, fiaskosu, məğlubiyyəti bəri-başdan məlumdur və qaçılmazdır. Bunun sübuta belə ehtiyacı yoxdur”.