https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

Mundialda rekord göstərici - 2015-ci il boks tariximizə qızıl hərflərlə yazılır

Mundialda rekord göstərici - 2015-ci il boks tariximizə qızıl hərflərlə yazılır

Qətərin paytaxtı Dohada təşkil olunan Rio de Janeyro yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı sona çatdı. On gün ərzində keçirilən turnirdə 10 dəst medal və 23 vəsiqə öz sahiblərini tapdı.

Azərbaycan yığma komandası 8 çəki dərəcəsində təmsil olunurdu ki, onların da yarısı fəxri kürsüdə yer tutmağı bacardı. Bu da medal sayına görə ölkə boks tarixində rekorddur. Belə ki, indiyədək ən yüksək nəticəmiz 3 medal hesab olunurdu.

Ayrı-ayrılıqda boksçularımızın 18-ci dünya çempionatındakı çıxışına nəzər salaq.

***

Son Avropa çempionatında üçüncü olmaqla, mundialda iştirak hüququ qazanan Rüfət Hüseynov yadda qalan çıxış sərgilədi. Heç kimin ondan medal və ya lisenziya gözləmədiyini nəzərə alsaq, 19 yaşlı əlcək ustasının ilk iki mərhələni keçməsi kifayət qədər uğurlu nəticə hesab olunmalıdır.

***

56 kiloqram çəki dərəcəsində çıxış edən Tayfur Əliyev Avropa Oyunlarında göstərdiyi nəticəni təkrar etsəydi, həm də olimpiadaya lisenziya əldə edəcəkdi. Ancaq 18 yaşlı perspektivli boksçumuz təcrübəsizliyin acısını çəkdi. O, ilk mərhələdə monqolustanlı İderhuu Enkhjarqnili məğlub etməkdə çətinlik çəkməsə də, 1/4 finalda olimpiya mükafatçısı və Avropa çempionu irlandiyalı Maykl Konlana yenildi.
Qeyd edək ki, Konlan sonrakı mərhələlərdə də rəqiblərini üstələyərək, karyerasında ilk dəfə dünya çempionu oldu.

***
 
Lorenzo Sotomayor ona bəslənən ümidləri doğrultmadı. 30 yaşlı təmsilçimiz ilk iki görüşdə Kanada təmsilçisi Artur Biyaraslanov və əlcəzairli Abdelkader Çaderə tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda son Avropa çempionu Vitali Dunaytsevlə görüşdən məğlub ayrıldı.
Konlan kimi lisenziyanın bir addımlığında dayanan kubalının da 23 yaşlı rəqibi sonradan çempion oldu.
Bu çəkidə təcrübəli Avropa mükafatçısı Heybətulla Hacıəliyevin də yer aldığını nəzərə alsaq, yəqin ki, məşqçilər korpusu növbəti lisenziya yarışlarında çətin seçim qarşısında qalacaq.

***

Çempionatın ən uğursuzu isə yığmanın lideri Teymur Məmmədov oldu. Son dörd ildə iştirak etdiyi bütün mötəbər turnirlərdə mükafatçılar sırasında qərarlaşan 22 yaşlı boksçumuzun yeni çəki dərəcəsindəki mundial debütü uğursuz alındı. O, gözlənilmədən Avropa Oyunlarının yarımfinalında yenməkdə çətinlik çəkmədiyi rusiyalı Pavel Silyaginə uduzdu.
Hərçənd, Teymurun yaşına xas olmayan nailiyyətləri, boksçu arsenalı onun növbəti yarışlarda lisenziyanı təmin edəcəyini gözlənilən edir.
Qeyd edək ki, 81 kiloqram çəki dərəcəsinin qalibi həmyerlimizlə birlikdə favorit hesab olunan kubalı Xulio Sezar la Kruz oldu.

***

Abdulqadir Abdullayev ilk dəfə idi ki, dünya çempionatında çıxış edirdi. Daha çox "Baku Fires"dakı çıxışları ilə tanıdığımız təcrübəli əlcək sahibinin Avropa Oyunlarında qazandığı çempionluq mundialda da ən azından mükafatçılar sırasında yer tutacağına böyük inam yaradırdı. İlk görüşdə Əlcəzair təmsilçisi ilə dramatik mübarizə sonrası qalib gələn dağıstanlı legioner 1/4 finalda son dünya çempionatının bürünc mükafatçısı argentinalı Yamil Peralta Jaranı məğlub etməkdə çətinlik çəkmədi. Kubalı gələcək çempion Erislandi Savon isə boksçumuzun final arzusunu gözündə qoydu.
Bu çəkidə yalnız qalib lisenziya qazandığından, Abdullayev olimpiada arzusunu növbəti turnirlərə saxlamalı oldu.
Amma bir haşiyə çıxaq ki, bu çəkinin əvvəlki lideri Teymur Məmmədovun düçar olduğu uğursuzluq onu yenidən 91 kiloqramda çıxış etməyə sövq edə bilər. Nəzərə alsaq ki, həmvətənimizin qazandığı uğurların çoxu məhz 91 kiloqramla bağlıdır, bu versiya istisna olunmamalıdır.

***
Azərbaycan boksunun son illər yetişdirdiyi ən perspektivli boksçulardan olan Pərviz Bağırov üçün 2015-ci il unudulmaz olacaq. Yayda Avropa Oyunlarının qalibi olmaqla, diqqət mərkəzinə düşən 24 yaşlı boksçumuz ilin əsas mötəbər yarışına da damğasını vurdu. Meksikalı Marvin Kabreranı məğlub etməsi o qədər şübhə doğurmayan Pərvizin 1/4 finaldakı rəqibi yerli azarkeşləri əməlli-başlı qayğılandırırdı. Hətta ən nikbin olanlar belə, olimpiya və dünya çempionu Roniel Rodriqez ilə görüşdə təmsilçimizin qələbəsini proqnozlaşdırmırdı. Ancaq doqquz dəqiqə ərzində daha üstün təsri bağışlayan Bağırov dünya boks ictimaiyyətini şoka saldı. Boks üzrə ilk olimpiya mükafatçımız Vüqar Ələkbərovun yetirməsi olan Pərviz yarımfinala yüksəlməklə, həm bürünc medalı, həm də olimpiya lisenziyasını təmin etdi. Belə ki, onun çəkisində çempion olan Mərakeş təmsilçisi WSB-da Rioya vəsiqə qazandığından, Çin boksçusu ilə lisenziya görüşünə çıxmağa lüzum qalmadı.

***

Rusiya yığmasının heyətindəki çıxışı ilə həvəskar boks aləmində məşhurlaşan dünya və ikiqat Avropa çempionu Albert Səlimov uğurlu çıxışla 8 illik aradan sonra ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazandı. Həlledici görüşdə kubalı ikiqat dünya çempionu Lazaro Alvarezə birinci raunnda çətin anlar yaşadan təmsilçimiz sonradan zədələndiyi üçün layiq olduğu qızılı əldən verdi.
Nəzərinizə çatdıraq ki, bu ikincilik ancaq gümüş medalla əlamətdar oldu. Çünki 29 yaşlı boksçu bunadək artıq WSB-də lisenziya məsələsini həll etmişdi.

***

Elvin Məmişzadə bu ilki çıxışı ilə obrazlı dildə desək, yatmış şiri xatırladır. 2010-cu ildə Avropa çempionatının gümüş medalını qazanmaqla, boks mühitində məşhurlaşan Elvin növbəti beş ildə yalnız 2013-cü ildə keçirilən analoji turnirdə əldə etdiyi bürünclə yadda qalmışdı. 24 yaşlı boksçumuz yüksək fiziki hazırlığı və baxımlı döyüş üslubuna rəğmən, iştirak etdiyi iki mundial da daxil olmaqla, bir çox mötəbər turnirlərdə uğursuzluğa düçar olurdu.
Avropa Oyunlarında rəqiblərindən bir baş üstün olan Elvin dünya çempionatında da rinqə nəzarəti əldən vermədi. Beləliklə, karyerasında ilk dəfə dünya çempionu tituluna sahib çıxan Elvin Məmişzadə adını Azərbaycan boksu tarixinə bu uğura imza atan dördüncü əlcək ustası kimi yazdırdı.
Bir maraqlı məqamı xüsusi vurğulayaq ki, Məmişzadə keçirdiyi dörd görüşün hər birində bütün raundlarda qalib olan tərəf oldu ki, bu da onu digər çempionlardan fərqləndirir.
Çempionatın yekunlarına əsasən, Kuba və Rusiya yığmalarından sonra üçüncü yeri tutan millimiz komanda hesabında artıq üçüncü dəfədir ki, liderlər qrupunda qərarlaşmağı bacarır. Qeyd edək ki, əlcək ustalarımız 2011 və 2013-cü illərdə də sıralamada ilk üçlüyü qapayıb.

***

Ümumilikdə boksçularımız son illər iştirak etdiyi mundiallarda stabil çıxışla yadda qalır. 2003-ci ilədək aktivimizdə cəmi 1 bürünc medal var idisə, geridə qalan on iki il ərzində keçirilən yeddi dünya çempionatında dördü qızıl, dördü gümüş, yeddisi isə bürünc olmaqla, toplam 15 medal qazanılıb ki, bu da çox yüksək nəticə hesab olunmalıdır.

Avropa Oyunlarındakı möhtəşəm nailiyyəti də vurğulamaqla, demək olar ki, 2015-ci il Azərbaycan boksunun zəfər təntənəsi kimi tarixə qovuşur.

Uğurların təməlində isə şübhəsiz ki, gərgin zəhmət, uğurlu iş strategiyası dayanır. Başda federasiya prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Ağacan Əbiyev və Süleyman Mikayılov olmaqla, Azərbaycan Boks Federasiyasınının bütün kollektivini qəzetimiz adından təbrik edir, gələcək yarışlarda, ən əsası, Rio de Janeyro yay Olimpiya Oyunlarında uğurlar arzu edirik.

Adalet.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.