|
|
|
|

“Arena” qəzetinin baş redaktoru
O ZİRVƏNİN ADI ŞƏHİDLƏR XİYABANIDIR
Bayrakları bayrak yapan üstündəki qandır
Torpak uğrunda ölən varsa, Vətəndir!
Mehmet Akif Ersoy
İllər vərəqləndikcə tarixin səhifələrinə qovuşacaq. Bu səhifələrin bəzisi saralıb-solacaq, bəzisi oxunmaz olacaq, bəzisi də tamamən unudulacaq. Tarix ələyəndir. O yalnız onu yazanları qucur, qoruyur, saxlayır, gələcək minillilərə doğru yola salır. Vətənin azadlığı, torpaqların müqəddəsliyi və toxunulmazlığı uğrunda şəhid olub qazi mərtəbəsinə yüksələnlər tarixin əbədi yol yoldaşıdır. Kimsə onları biri-birindən ayıra bilməz.
1990-cı ilin 20 Yanvarında Azərbaycanın azadlığı, müstəqilliyi yolunda mərd-mərdanə şəhid olanların hər birinin qəhrəmanlığı bir tarixdir – öyrəniləsi, nümunə götürüləsi və gələcək nəsillərə ötürüləsi. Tanınmış jurnalist Səyyad Ağbabalı bu mövzuda çoxsaylı yazıların müəllifidir. Onun “525-ə” təqdim etdiyi yazı da həmin qəbildəndir.
Azərbaycan radiosunun “Xəbərlər” Baş redaksiyasında üç qrupa bölünərək növbə ilə proqramın məsuliyyətini öz üzərimizə götürür, həmin günün verilişlərinə məsul olurduq. 1990-cı il, yanvarın 19-u idi. axşam saat 19:00 radələri olardı. Mərhum jurnalist Qəzənfər Qəribovdan başqa rəhbərlik etdiyim qrupun bütün üzvləri getmişdilər. Həmin gün saat 21:00-də efirə çıxacaq “Günün səsi” proqramı üçün 6 dəqiqəlik şərh hazırlamışdım. Həmin şərh də Xalq Hərəkatının liderlərinin mövqeyi qabardılmış, Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar hökumətin fəaliyyətsizliyi ciddi surət də tənqid olunmuşdu.
Təxminən saat 19:20 radələri olardı. Qəzənfər Qəribovla birlikdə mikrofon qovluğunun üzərində son redaktə işlərini yekunlaşdırırdıq. Özümüz də tezliklə mikrofon qovluğunu diktorlara təhvil verərək Mərkəzi Komitənin önünə tələsirdik. Mərkəzi Komitənin önündə artıq bir neçə saat idi ki, izdihamlı mitinq davam edirdi. Bizə də xəbər çatmışdı ki, bu gün nəsə gözlənilir. Hətta MK-nın yanın da dar ağaclarının qurulduğunu söyləyənlər var idi. Ona görə də biz çox tələsirdik. Qəfil boğuq bir partlayış səsi eşidildi və işlədiyimiz otaqda işıqlar söndü. Nə baş verdiyini kəsdirə bilmədik. Dəhlizə çıxdıq. İşıqlar yanırdı. Qəzənfərlə birlikdə stolu götürüb dəhlizə qoyduq. Son redaktə işlərini tamamdadıq və mən mikrofon qovuluğunu diktor otağına apardım. “Günün səsi”nin efirə çıxmasına təxminən 7-8 dəqiqə qalırdı. İçəridə kimsəni görmədim. Bu vaxt baş proqram direktoru Zöhrab müəllim mənə yaxınlaşdı:
— Səyyad, sən getmə. Ola bilsin ki, efirə sən çıxasan. Yusif Muxtarov, deyəsən, gecikir.
Mən təəccüblə onun üzünə baxdım. Çünki “Günün səsi” verilişi redaksiyanın əməkdaşlarından kimsəyə həvalə olunmurdu. Onu efirə peşəkar diktorlar təqdim edirdilər. Qısa söhbətdən sonra mən Zöhrab müəllimlə birlikdə yayın otağına daxil oldum. Efirə 2-3 dəqiqə qalırdı. Birdən Yusif Muxtarov göründü. O:
— Yollar yaman tıxacdı. Gəlmək mümkün deyil, — deyib mikrofon qovluğunu məndən aldı.
Mən isə qaça-qaça birinci mərtəbəyə düşüb Dağüstü parkdan enərək MK-nın qabağına gəldim. Mitinq başlamışdı. Çıxış edənlər respublika və SSRİ rəhbərliyinin ünvanına kəskin tənqidlər söyləyir, vəziyyətdən çıxış yolu ilə bağlı öz mövqelərini bildirirdilər. Meydanda “Günün səsi” verilişi səs gücləndirici ilə yayınlanırdı. Dağlıq Qarabağda erməni separtizminin törətdiyi dəhşətlərdən söhbət açılırdı. Proqram sona yaxınlaşırdı. Sonda mənim həmin gün üçün hazırladığım reportaj səsgücləndirici ilə yayınlanmağa başlandı. Özüm də məəttəl qalmışdım. Bunu kim təşkil etmişdi? Niyə etmişdi? Hələ də mənim üçün bu məsələ qaranlıqdı. Mən də sıradan bir mitinq iştirakçısı kimi dayanıb öz reportajımı dinləyirdim.
Və deyim ki, o vaxt ürəyimdən bir arzu keçdi: nə yaxşı olardı ki, mitinq iştirakçıları həmin reportajı mənim hazırladığımı biləydilər. Bu ondan irəli gəlirdi ki, bir çox hallarda AXC, Xalq Hərəkatının liderləri, ictimaiyyətin tanınmış nümayəndələri, televiziya və radio komitəsinin əməkdaşlarına mənfi münasibət bəsləyir, onların bəzilərini hətta xəyanətkarlıq və satqınlıqda ittiham edirdilər. Müəyyən mənada elə düz də edirdilər. Çünki bəzi əməkdaşlar tamamilə xalqdan uzaqlaşaraq respublikanın satqın rəhbərliyinin xəyanətkar mövqeyinin girovuna çevrilmiş və xalqa həqarət yağdırmaqla məşğul idilər. Həqiqət budur ki, o vaxt televiziyanın “24 saat” xəbərlər proqramının xalqın mənafeyinə zidd informasiya və məlumatları həddən artıq hiddət doğururdu.
Gərgin ictimai-siyasi proseslər, erməni separatizminin günbəgün azğınlaşması fonunda Azərbaycan xalqı 20 Yanvar faciəsinə itələnmişdi. Yanvarın 18-19-da AXC nümayəndəsi ilə Sov. İKP MK katibi Girenko, Bakı qarnizonunun rəisi general Sokolov, Azərbaycan KP MK-nın ikinci katibi Polyaniçko, həmçinin Moskvadan gəlmiş digər vəzifəli şəxslərlə görüş olmuşdu. “Azadlıq” radiosu yanvarın 19-u saat 11-ə işləmiş — faciənin başlamasına təxminən 2 saat qalmış AXC ilə hərbçilərin danışıqlarının baş tutmamasını və ordunun gecə şəhərə girəcəyini bildirmişdi. O vaxt AXC real vəziyyəti qiymətləndirə bilməmiş, nəticədə işğalçı ordunun şəhərə girməsinə vəsilə olmuşdu. Yanvarın 19-da axşam saat səkkizdə AXC nümayəndəsinin (Etibar Məmmədovun) televiziya ilə çıxışı nəzərdə tutulmuşdu.
Bu məlumat AXC nümayəndəsinin həmin gün Polyaniçko ilə görüşü ərəfəsində yayılmışdı. Sonradan bəlli oldu ki, televiziya ilə AXC tərəfdən tətilin dayandırılarıq yolların açılması, mərkəzin isə Vəzirovun istefasını qəbul etməsi elan ediləcəkmiş. Lakin danışıqlarda razılıq əldə etmək mümkün olmamışdı.
Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi Moskvanın “Zaman” televiziya proqramı ilə elan edilməli idi. Saat 19-30-da televiziyanın enerji bloku partladıldığından Azərbaycan xalqı bu məlumatı eşidə bilmədi. Radionun saat 21-də efirə çıxan “Günün səsi” proqramında isə belə bir məlumat oxundu:
“Texniki nasazlıq üzündən televiziya verilişləri qısa müddətə kəsilib, təmir işləri aparılır. Az. TV-nin işi tezliklə bərpa olunacaq”. Bu, Azərbaycanın və SSRİ-nin keçmiş rəhbərlərinin xalqa qarşı törətdikləri daha bir xəyanət karlığın nümunəsi idi.
Qanlı yanvarın xronikası isə belə idi.
(Ardı var)



