|
|
|
|

Heydər Əliyev Sarayında Ümummilli liderin büstü qarşısında anım tədbiri keçirilib.
Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxışdan sonra Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edib və Ulu öndərin müdrik və cəsarətli qərarları ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda belə dövlət müstəqilliyini, xalqımızın, dövlətimizin maraqlarını hər şeydən uca tutmasından, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb.
M.F Axundzadə adına Milli Kitabxanada da Ümummilli lider Heydər Əliyev anılıb. Tədbirdə Milli Kitabxananın direktor müavinləri Gülbəniz Səfərəliyeva və Mələkxanım Hacıyeva Ulu öndərin çoxşaxəli fəaliyyətindən danışıblar: “Ümummilli lider bir neçə dəfə Milli Kitabxanaya gəlib, şəxsi kitabxanasından kitabxanaya xeyli kitab bağışlayıb, kitabxana, kitabxana işi və kitabxanaçı haqqında parlaq nitqlər söyləyib”.
Sonda tədbir iştirakçıları “12 dekabr-ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan, rus, ingilis və digər dillərində 200-dən artıq ədəbiyyat nümayiş olunub.
Prezident Kitabxanasında da Ulu öndərin xatirəsi yad edilib. Kitabxananın direktoru Mayıl Əhmədov müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin irsinin araşdırılması və təbliği sahəsində məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıb: “ Məhz ilk olaraq Prezident Kitabxanasında Ümummilli Liderin zəngin irsinin toplanılması, sistemləşdirilməsi və elektron mühitə köçürülməsi istiqamətində təşəbbüs göstərilib və irihəcmli “Heydər Əliyev. Elektron sənədlər toplusu” ərsəyə gətirilib. Vaxtaşırı olaraq yenilənən bu elektron resurs Ümummilli Liderin irsini araşdıran müxtəlif kateqoriyalı istifadəçilər üçün ən mükəmməl baza hesab edilir. Həmin elektron resursun son bir il ərzində bölmələri yenilənib, gələcəkdə də yeni-yeni sənədlərlə daha da zənginləşdiriləcək”.
Sonda kitabxananın əməkdaşlarının hazırladıqları Ümummilli Liderin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Dövlət Musiqi Mədəniyyəti Muzeyində də ulu öndər anılıb.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Heydər Əliyevin mədəni inkişafa xüsusi diqqət yetirdiyini, bu sahənin görkəmli xadimlərinə dəstək göstərdiyini deyib. Muzeyin müdiri Təranə Zeynalova Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən söz açıb. Tədbirdə dövlət qurumlarının və Bakıdakı muzeylərin əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bakı Xoreoqrafiya Akademiyasında ( BXA) isə ulu öndərin xatirəsi “Ömrünü xalqına bəxş edən lider” adlı bədii kompozisiya ilə yad edilib. Tədbirdə BXA-nın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətindəki misilsiz xidmətlərindən bəhs edib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat yolunu tərənnüm edən yeddi hissəli bədii kompozisiya nümayiş olunub. Böyük maraqla qarşılanan kompozisiya “Ana”, “Yetkinlik”, “İki qəlbin sevgisi”, “Quruculuq”, “Cıdır düzü”, “Qələbəyə doğru” və “Əbədiyyət” adlı hissələr daxildir.
Xaricdə də Ümumilli Lider yad edilib. Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd şəhər Həmkarlar Şurası ilə birgə “Türküstan” sarayında ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Mexrcon-2015” Xeyriyyə Festivalı keçirib.
Mərasimdə Həmkarlar Şurasının sədri Olimcon Topilov sayca 46-cı olan bu festivalın sponsorlarına, o cümlədən, Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, festivalda 14 uşaq evinin kimsəsiz və qüsurlu, ancaq istedadlı şagirdləri iştirak edir.
AMM-nin direktoru Samir Abbasov ulu öndər Heydər Əliyevin uşaqları çox sevdiyini və onlara daim diqqət və qayğı ilə yanaşdığını qeyd edib. S.Abbasov festivalda uğurlu çıxış edən istedadlı uşaqların gələcəkdə AMM-nin kurs və dərnəklərində iştirak etmək üçün şərait yaradılacağını bildirib. Sonra Daşkənddə fəaliyyət göstərən uşaq evlərinin hazırladığı konsert proqramı təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib. Tədbirdə çıxış edən uşaq evlərinə Azərbaycan dövlətinin adından məişət cihazları hədiyyə olunub.
Sonda Daşkənddəki “Turan” restoranında internat evlərinin uşaqları üçün ziyafət verilib.
S.ABDULLAYEVA



