Millət vəkili, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin Binəqədi rayonunda seçicilərlə görüşündən qeydlər
Vətəndaş bir problemlə qarşılaşırsa və onu təkbaşına dəf etməyə qadir deyilsə və üzləşdiyi çətinliyin taleyüklü məsələ olduğunu düşünürsə, deməli ona yardımçı olmaq, situasiyanı həll etmək üçün yol göstərmək lazımdır. Millət vəkili Azay Quliyevin də qəbuluna toplaşan yüzlərlə insan köməyə ehtiyacı olduğundan öz dərdini anlatmaq üçün deputatın başına toplanmışdı.
Millət vəkili yeni ilin ilk ayında seçicilərinə, əvvəlcədən də yəqin etdiyi kimi görüşün çox vaxt aparacağına əmin olduğundan tədbirə xeyli zaman ayırmışdı. Ona görə də hamını ayrı-ayrılıqda müfəssəl dinləməyə, hər bir kəsi narahat edən məsələni ətraflı araşdırmağa səy göstərirdi. YAP-ın Binəqədi rayon təşkilatında, millət vəkilinin qəbulunda təkcə yerli sakinlər deyil, həm də digər rayonlardan gələn vətəndaşlar da iştirak edirdilər.
Görüş 4 saata yaxın davam etdi. Müxtəlif mövzularda millət vəkilinə müraciətlər olundu.
Ancaq hamıya kömək olmaq, bütün problemləri həll etmək anındaca mümkündürmü? Kənardan müraciətləri izləyərkən bir daha şahidi olduq ki, elə məsələlər var, onun həlli müşkinata çevrilir.
Deputatdan müxtəlif səpgilərdə problemləri çözmək xahiş olunurdu. İşləmək arzusunda olanlar, müvafiq iş axtaranlar qəbulda iştirak edən Binəqədi rayonu üzrə məşğulluq idarəsi əməkdaşının dəvəti ilə vakant yerlərin siyahısı ilə tanış olmaq üçün idarəyə dəvət edildi. Yaxud bəzi müəyyən problemlərin həllində yardımçı ola biləcək icra hakimiyyətinin məsul işçisinin nəzarətinə götürülən məsələlər də az olmadı.
Övladı tutulan xeyli sayda valideyn əfv olunması üçün millət vəkilinə müraciət etdi. Manatın devalvasiyasından sonra banklara dollarla krediti olan şəxslər çətin duruma düşdüklərini anladırdılar. Evsiz qalan şəxslər müvəqqəti məskunlaşmaq üçün millət vəkilindən sığınacaq istəyirdilər.
Qəbulda səslənən bir çox məsələlərin həllinin çətinliyi ondadır ki, onların reallaşması tək bir insanın gücü daxilində olmur. Məsələn, millət vəkili evsiz ailələrin yaşayış yeri ilə təminatı məsələsində nə kimi köməklik göstərə bilər? Ailə kirayədə yaşayır və kirayə haqqını verə bilmədiyi üçün millət vəkilindən ev istəyir. Yaxud iki azyaşlı uşagı olan ana yaşamaq və övladlarını məktəbə göndərmək üçün xüsusi yaşayış yerinə ehtiyacı olduğunu dilə gətirir. Deputat Azay Quliyev bu kimi xahişlərin qarşısında aciz qaldığını hiss edir və bəzən də belə problemlərin həlli üçün zala müraciət edir, "sakinə necə kömək etmək olar?" deyə çıxılmaz vəziyyətə düşdüyünü etiraf edirdi. Əslinə qalanda zaldakı insanlar, belə müraciəti səsləndirən şəxslər də başa düşürdülər ki, onların qarşılaşdığı çətinliyi millət vəkili həll etməyə qadir deyil. Millət vəkili xalqın etimadını qazanan adi bir ziyalıdır və ölkənin gələcəyi, vətəndaşların yaşayışı və fəaliyyəti üçün qanunlar hazırlayan, hüquqi sənədlər üzərində işləyən əqli simadır. Onun nə ev paylamaq, nə də iş yerləri açmaq kimi səlahiyyətləri yoxdur. Sadəcə öz şəxsi nüfuzundan istifadə edərək hansısa məsələnin həllində qapıları bağlı olan məmurun ürəyinə rəhm sala bilər, ya da dövlət adından tələb edə bilər ki vətəndaşın şikayətini dinləsin. O ki, qaldı evsizlərin yaşayış yeri ilə bağlı məsələlərinə, bu kimi istəklərin xüsusi olaraq qeydə alınması deməyə əsas verir ki, Azay Quliev onların həlli yönümündə işıq ucu boyda bir güman yeri taparsa, kömək edəcəyi şəksizdir. Çünki deputatın halından, məsələni ürək ağrısi ilə dinləməyindən hiss olunurdu ki, o hər vəchlə kömək etmək barədə düşünürdü...
Bu görüşün maraqlı məqamlarından biri də o idi ki, görüşə gələn ziyalılar onları narahat edən bəzi vacib məsələlərin parlament səviyyəsinə çıxarılması üçün deputatın qarşısında məsələ qaldırırdılar. Məsələn, bir polkovnik hərbi sahədə vacib olan bir məsələ ilə bağlı deputata yazılı təkliflərini verdi və xahiş etdi ki, diqqətlə yanaşsın.
Yaxud Siyəzən rayonundan gəlmiş bir qrup sakinin müraciətini dinləyən millət vəkili Azay Quliyev onların problemlərinə də biganə qalmadı. Siyəzənin deputatı ilə əlaqə yaradaraq seçiciləri narahat edən məsələləri ona çatdırdı, onların görüşdürülməsinə müvəffəq oldu.
Azay Quliyev yerli iş adamların fəaliyyəti ilə də maraqlandı. Eyni zamanda sahibkarların mənafeyinin qorunması ilə bağlı tarazlığın saxlanılması istiqamətində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdi. Ərazidə hündürmərtəbəli bir binanın tikintisi ilə bağlı narazılıq bildirən sakinlərin şikayətinin araşdırılacağını, ədalətlə baxılacağını və zəruri tədbirlərin görüləcəyini söylədi. Hansı tərəfin mövqeyinin dəstəklənməsinə gəlincə, ikili balansı, tarazlığı nəzərə alaraq, qarşı tərəflərdən kimin haqlı olduğunun müəyyən edilməsi üçün konkret addımlar atılacağını bildirdi. "Müasir dövrdə sahibkara şərait yaradılmalıdır ki, istehsal, tikinti sahələri inkişaf etsin" - deyə sakinlərə bu məsələdə həssas olmağı məsləhət gördü.
Görüşdə bəzi QHT-lər tərəfindən də millət vəkilinə, mühüm layihələrin həyata keçirilməsi istiqamətində müraciətlər olundu, bəzi layihələrin əhəmiyyətindən söz açıldı və onlara baxılması üçün lazımi sənədlərin zəruriliyi vurğulandı.
Seçicilərlə görüşdə millət vəkili parlamentdə yaxın vaxtlarda görüləcək işlər barəsində, bəzi mühüm qanun layihələri üzərində gedən tamamlanma işləri ilə bağlı da vətəndaşları məlumatlandırdı.
Saatlarla ünsiyyət seçiciyə nə verdi və millət vəkili ilə görüşdə vətəndaş nəyə nail oldu? Əvvəla, şikayətçi onu narahat edən məsələni ictimailəşdirərək təkbaşına həll etmək gücündə olmadığı bir problemin aktuallığına diqqət çəkdi, problemin tək onun, ailəsi üçün deyil, bütövlükdə cəmiyyət üçün düşündürücü olduğunu anlatmağa çalışdı. Digər tərəfdən millət vəkilinin onu mehribanlıqla dinləməsi və məsələnin həlli istiqamətində yardımçı olmaq istəyi vətəndaşa daha güclü olmağı təlqin etdi, problemdən qurtulmaq üçün əzmkarlıq hissləri aşıladı. Vətəndaş öz real vəziyyətini deputata nəql etməklə sabah parlamentdə onun adından danışılacağına əmin olmağa başladı...
Sonda millət vəkili Azay Quliyev seçicilərinə müraciət edərək qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı ona və lazımi orqanlara vaxtında məlumat verilməsinin vacibliyinə toxundu. Yəni deputat demokratik, hüquqi dövlətdə yaşadığımızı, qanunların vətəndaşın tərəfində olduğunu xatırladaraq hər bir kəsin öz hüququndan istifadə etməyi, milli birlik naminə, müstəqilliyimizin sabahı naminə dövlətinin, prezidentinin yanında olmağı seçicisindən xahiş etdi. Cəmiyyətdə ictimai nəzarətin mühüm əhəmiyyət daşıdığını dilə gətirərək dövlətə kömək etməyi, bu istiqamətdə hamının ayıq-sayıq olmasını arzuladı.
Şəlalə MƏHYƏDDİNQIZI