Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla Vaşinqtonda görüşü olmayacaq.
Bunu "Trend"ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Diplomat bildirib: "Vaşinqtonda görüşün keçirilməsi üzrə heç bir plan yoxdur. Buna baxmayaraq, bu ildə dövlət başçıları arasında aktiv dialoqa kömək etməyə hazırıq".
C.Uorlikin sözlərinə görə, o və Minsk qrupunun digər həmsədrləri tərəflərlə görüş keçirməyi planlaşdırır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hadisəni müzakirə etsin.
Qeyd edək ki, 31 mart-1 aprel tarixində nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, hazırda Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən ciddi şəkildə narazıdır: "Rəsmi Bakının narazılığı əsaslı faktlara söykənir. Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı çıxışında qeyd edib ki, AŞPA-da Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı qətnamələr müzakirəyə çıxarılan ərəfədə həmsədrlər Strasburqa gedərək Avropa Şurasının rəhbərliyi ilə görüşüb, onları Azərbaycanın əleyhinə təlimatlandırıblar. Bütün bunlar onu göstərir ki, Minsk Qrupunun həmsədrləri normal fəaliyyət göstərə bilmirlər. Onlar Ermənistanın aktiv müdafiəçisi kimi çıxış edirlər".
M.Əhmədoğlu bildirib ki, AŞPA-da səsverməyə çıxarılan qətnamələrlə bağlı Minsk Qrupunun mövqeyi aşkarlanandan sonra Azərbaycan həmsədrlərin regiona səfər edərək görüş keçirməyə razılıq verməyib: "Hətta Münhen Təhlükəsizlik Konfransı zamanı həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarovla da görüşmək istəsələr də, azərbaycanlı diplomat bundan imtina edib. Bu o deməkdir ki, həmsədrlik institutu iflasa uğrayıb, qeyri-işlək vəziyyətdədir. Belə olan halda da, Minsk Qrupunun prezidentlərin görüşünü hazırlaması inandırıcı görünmür".
Bununla yanaşı politoloq prezidentlərin görüşünün baş tutmasını istisna etmir: "Bundan əvvəlki Nüvə Sammitində də prezidentlərin xatirə şəkli çəkdirdikləri zaman Ermənistan rəhbəri Serj Sarkisyan İlham Əliyevə yaxınlaşıb əlini uzadaraq görüşüb. Ola bilər ki, bu sammit zamanı da Ermənistan prezidenti həmin hərəkətini təkrarlasın. Çünki Sarkisyanın Azərbaycan prezidenti ilə münasibətinin yaxşı olduğunu dünyaya göstərməyə ehtiyacı var. Əgər dünya dövlətləri bilsə ki, Azərbaycan prezidenti ilə Ermənistan prezidentinin əlaqəsi tamamilə kəsilib, o zaman bu, işğalçı rejim üçün faciəyə çevrilə bilər. Ona görə də Sarkisyandan belə bir addımı təkrarlamasını gözləyirəm. Lakin iki ölkə başçılarının Vaşinqtonda sammit müstəvisində həmsədrlərlə birgə bir masa ətrafında əyləşərək müzakirə aparacaqları real vəziyyəti əks etdirmir".
Ceyhun ABASOV