Bu gün Xalq yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012) İsa Hüseynovun (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub.
525.az-ın verdiyi məlumata görə, atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb.
Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub.
Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilib, əsərləri müxtəlif dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
Tanınmış yazıçı 2014-cü il, aprelin 1-də vəfat edib.
İsa Hüseynov I Fəxri Xiyabanda dəfn edilib.
Cavid QƏDİR
Mənbə: Vikipediya