Azərbaycanın Polşa Respublikasındakı səfirliyi rəsmi internet saytının sındırılması ilə əlaqədar bəyanat yayıb.
Səfirlikdən 525.az-a daxil olan bəyanatda deyilir ki, 15 fevral, 2013-cü il tarixdə erməni xakerlər Azərbaycanın Polşa Respublikasındakı səfirliyinin rəsmi internet saytını sındıraraq saytda olan məlumatları silib, ana səhifəsində olan məlumatları isə dəyişdirib.
Saytın ana səhifəsində olan Azərbaycan xəritəsi dəyişdirilib, xəritədə ermənilər tərəfindən işğal edilmiş ərazilərimiz Ermənistan bayrağının rəngləri ilə boyanıb.
Naxçıvan Muxtar Respublikasının ərazisi isə xəritədə qırmızı rəngə boyanmış, orada “Naxçıvan bizi gözlə” sözləri yazılıb.
Saytın ana səhifəsində ermənilərin Azərbaycan və Türkiyəyə qarşı maraqlarını əks etdirən şəkildə uydurma qısa tarixi məlumat da yerləşdirilib.
“Hesab edirik ki, erməni xakerlərin bu qanunsuz hərəkəti səfirliyin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və erməni millətçilərinin ölkəmiz və xalqımıza qarşı dünyada yalan və iftiraya əsaslanan təbliğat fəaliyyətini hərtərəfli şəkildə ifşa etmək və Polşa ictimaiyyətini sözügedən problemlərlə bağlı həqiqətə uyğun şəkildə məlumatlandırmaq istiqamətində apardığı aktiv fəaliyyətin qarşısını almaq cəhdidir.
Belə ki, məlumat verildiyi kimi 2012-ci ildə ermənilər səfirlik qarşısında iki dəfə mitinq keçirməyə cəhd edib, hər dəfə səfirliyin öncədən gördüyü tədbirlər nəticəsində yığıncaqları istədikləri effekti verməyib.
Bundan əlavə, səfirlik hər biri minlərlə tiraj olmaqla polyak dilində nəşr etdirərək yaydığı “Dağlıq Qarabağ”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq baxımından”, “BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair Qətnamələri”, “Kürəkçay Müqaviləsi”, “Xocalı soyqırımı”, “Mart soyqırımı”, “20 Yanvar faciəsi”, “Dağlıq Qarabağ və Azərbaycan Respublikasının digər zəbt olunmuş əraziləri”, “Güllələnmiş heykəllər”, “1801-1878-ci illərdə Cənubi Qafqaz ərazisində xanlıqlar”, “Azərbaycan Demokratik Respublikası tərəfindən İrəvan xanlığı ərazilərinin ermənilərə verilməsi”, “Azərbaycanın Zəngəzur regionunun ermənilərə verilməsi” və s. adlı kitablar və məlumat vərəqələri vasitəsilə Azərbaycan tarixi, Dağlıq Qarabağ münaqişəsi, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı törətdikləri vəhşiliklər və s. ilə bağlı həqiqətləri Polşa ictiamiyyətinə çatdırıb”.
Bəyanatda o da qeyd edilib ki, erməni millətçilərinin təkcə Azərbaycan torpaqlarına deyil, həmçinin xalqımızın digər mədəniyyət nümunələrinə də iddia etdiklərini nəzərə alaraq səfirlik polyak dilində min nüsxə olmaqla xüsusi olaraq “Azərbaycan dolması” adlı kitab nəşr etdirərək yaymaqdadır. Kitabda dolmanın Azərbaycan xalqının milli mətbəx nümunəsi olması bir sıra dəlillər gətirilərək sübut olunur və dolmanın mahiyyəti Polşa ictiamiyyətinə çatdırılır.
Erməni xakerlərinin sındırılmış saytda Naxçıvan Muxtar Respublikası ilə bağlı qeydi səfirliyin 2013-cü il üçün hazırlayaraq mindən çox nüsxə yaydığı “Azərbaycan diyarı Naxçıvan” adlı şəkilli təqvimlərlə əlaqədardır.
Bildiririk ki, saytın sındırılması səfirliyin normal fəaliyyətinə təsir etməyib.
Saytın sındırıldığı məlum olan kimi onun nəticələri səfirlik tərəfindən qısa zamanda aradan qaldırılıb, saytın fəaliyyəti bərpa edilib. Hazırda saytda olan məlumatların və saytın fəaliyyətinin tam bərpası istiqamətində işlər davam etdirilməkdədir.