
Bugünlərdə “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının yeni -23-cü sayı nəşr edilib.
Jurnal təsisçi Nəzakət Məmmədlinin sözləri ilə açılır. Şəhid analarından söz açan müəllif onları bəşəriyyətin əxlaq zəmanətçiləri adlandırır: “Ən güclü, ən dözümlü, dəyanətli varlıqdır analar. Bəlkə elə bu səbəbdən də torpaq uğrunda şəhid verdikləri övladlarının dərdinə tablaşır, onlardan ayrıla, üzülə bilmirlər”.
“Hikmətli sözlər” rubrikasında Ümummilli lider Heydər Əliyevin unudulmaz fikirləri yer alıb.
Rubrikanı Fikrət Qoca, Elmira Axundova, Sona Vəliyeva, Salatın Əhmədli, Şəfəq Nasir, Rəşad Məcid və Sabir Arazlı Özgünün jurnalın yeni buraxılışı üçün “Təbriklər”i izləyir.
“Nahid Hacızadə-80” adlı xüsusi rubrikada Nəzakətin N. Hacızadədən bəhs edən “Səksəninci bahar” yazısı verilib.
“Unutsaq, unudularıq” rubrikasında Qədir Tərtərli Səməd Vurğunun izdihamlı dəfnindən yazıb, mərasimi güclü təəssüratlarla təsvir edən müəllif şairlə bağlı xatirələrini də bölüşüb.
“Yazılan söz yadigardır” rubrikasında Teymur Əhmədovun vaxtilə Xalq yazıçısı Süleyman Rəhimovdan aldığı müsahibə dərc edilib.
Şəfəq Nasir Sona Vəliyevanın yaradıcılığı və poeziyasına həsr etdiyi “Közərən xatirələrin poetik ünvanı” yazısında şairənin əsərlərinin poetik incəliklərini vurğulayır: “Sona xanımın şeirləri insanın qəlbinə məxməri səs təki dolur. Hələ bir pəsdən zümzümə etməyin də gəlir. Mətnlər musiqini, torpağın suyu canına çəkdiyi təki özünə hopdurur. Elə mahnı mətnlərindəki lirizm şairin mənəvi gözəlliyi, saflığı ilə həmahəngdir”.
“Dost sözü”nü Əbülfət Mədətoğlu söyləyir. Müəllif “Sözü rəngindən tanıyan insan” yazısında müəllimindən, onun məziyyətlərindən və həyatında oynadığı roldan danışır.
Nəriman Həsənzadənin “Nərdivan” şeiri “Qəlbimizə yazılan şeirlərdə” yer alıb.
“Uşaqlar, ay uşaqlar” rubrikasında Fatimə, Sabir Nemətzadə və Elşad Dağlının şeirləri, Salatın Əhmədlinin “Ağacı kəsmək lazımdır” nağılı verilib.
“Vətənin ürəyinə köçənlər” rubrikasında Zöhrə Fərəcova “Dünənin, sabahın şairi” Zəlimxan Yaqubdan yazıb.
İntiqam Qasımzadə “Ön planda” adlı yazısında “Unudulmaz” Yusif Səmədoğludan danışır: “O, şair ailəsində, özü də Səməd Vurğun kimi bir şairin ailəsində dünyaya göz açsa da, özünün etiraf etdiyinə görə, ömründə bir misra şeir yazmamışdı; nasir idi - təpədən-dırnağa əsl nasir idi”.
“Poeziya”da Barat Vüsalın şeirləri yer alıb.
“Unutmaq olmur” rubrikasında Əlövsət Bəşirli ustad Aşıq Pənahın həyat və yaradıcılığından söz açır.
Sahibə Sədnikqızı “Bir alimin portreti” yazısında “Yada düşən xairələr”ini paylaşıb.
“Proza”da Kamil İsmayılovun “Qismət” əsərinin növbəti hissəsi və Böyükxan Bağırlının “Sübh yuxusu” hekayəsi təqdim edilib.
“Səfərdən dönərkən” rubrikasında Salatın Əhmədli “Vyetnam təəssüratları”nı bölüşür.
“Bizə yazırlar” rubrikasında isə Həlimə Əlizadə və Nicat Əfqanlının şeirləri verilib.
Müşfiq ŞÜKÜRLÜ



