Bugünlərdə Moskvanın “Xudojestvennaya literatura” (“Bədii ədəbiyyat”) nəşriyyatı görkəmli Azərbaycan siyasi xadimi və dövlət adamı Əlimərdan bəy Topçubaşının Parisdə saxlanılan arxivindəki sənədləri 4-cildlik kitab şəklində nəşr etməyə başlayıb.
“Paris arxivi 1919-1940” adlı həmin kitabın işıq üzü görmüş 1-ci cildi 1919-1921-ci illərə aid sənədlərdən ibarətdir. Giorgi Mamulia və Ramiz Abutalıbovun tərtib etdikləri bu sənədlər toplusuna Əlimərdan bəyin Paris Sülh Konfransında Azərbaycan diplomatik heyətinə başçılıq etdiyi zamankı siyasi fəaliyyəti ilə bağlı bəlgələr daxildir. Tərtibçilər həm o dönəmin beynəlxalq siyasi mühitini, həm də Azərbaycan diplomatik heyətinin Avropa dövlətlərinin nümayəndələri ilə rəsmi və qeyri-rəsmi qarşılıqlı münasibətlərini əks etdirən sənəd və materiallara xüsusi diqqət yetiriblər.
Arxiv qaynaqlarının böyük əksəriyyəti ilk dəfə nəşr edilir. Bu qaynaqlar həm mütəxəssis tarixçilərə, həm də geniş oxucu kütləsinə Azərbaycan Cümhuriyyətinin indiyədək bilinməyən qaranlıq səhifələri, Azərbaycan və Qafqaz xalqlarının 1919-1921-ci illərdə apardığı milli-azadlıq hərəkatı ilə tanış olmağa əla imkan yaradır.
Xatırladaq ki, Topçubaşının 4-cildliyi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə nəşr olunur.
Bu çoxcildliyə Topçubaşının ancaq diplomatik fəaliyyətinə dair sənədlər: notalar, memorandumlar, görüşlər və s. daxil ediləcək. 1-ci cilddə 120 sənəd nəşr edilib. Hazırda 1921-1923-cü illəri əhatə edən və 140 sənədin əks olunduğu 2-ci cild də nəşriyyatdadır. 3-cü cildin 1924-1934-cü, 4-cü cildin isə 1934-1940-cı illərə aid sənədləri əhatə etməsi nəzərdə tutulub.