|
|
|
|
İyunun 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin təşkilatçılığı ilə yazıçı-publisist, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.
Muzeyin Aran regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verərək, yazıçının detektiv janrında yazdığı əsərlərinin Azərbaycan oxucularının rəğbətini qazanmasından, 26 adda kitabının 100 mindən artıq tirajla çap olunmasından danışıb.
Görüşdə iştirak edən qonaqlardan yazıçı-publisistlər Mustafa Çəmənli, Flora Xəlilzadə, şair Kərəm Kürqıraqlı çıxış edərək Ə.Azayevin insane keyfiyyətlərindən, ədib kimi məziyətlərindən söz açıblar. Oxuculardan Mehriban Məmmədova, Tofiq Abdullayev, Ağa Zeynalov, İradə Mahmudova yazıçının əsərləri haqqında maraqlı fikirlər söyləyiblər.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun və Xalq yazıçısı Çingiz Abdullayevin Əlisəfa Azayevin yaradıcılığı haqqında söylədikləri dəyərli fikirləri əks etdirən videokadrlar nümayiş olunub.
Məktəblilərin yazıçının əsərləri əsasında hazırladıqları kompozisiyalar və muğam ifaçılarının çıxışları görüşə xüsusi rəng qatıb.
Görüş başlayan andan sona qədər zalda yazıçının portretini yaradan gənc rəssam Fərman Qasımovun işi alqış sədaları altında ədibə təqdim olunub.
Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli rayon rəhbərliyi adından söz alaraq Əlisəfa Azayevi təbrik edib və ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Sonda Əlisəfa Azayev oxucuların suallarına cavab verərək, bu maraqlı görüş üçün minnətdarlığını bildirib.
MÜŞFİQ