Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair və alim Hacan Hacısoyun sayca üçüncü şeir kitabı çapdan çıxıb.
“Var ilə yoxun arası” adlanan kitabda şairin 4 hissədən ibarət 150-dən çox şeiri yer alıb.
Ömür sünbül üstdə dəndi,
Bəzən qəmli, bəzən şəndi,
Cəmi bir boyluq kəfəndi...
Var ilə yoxun arası
- deyən şairin fəlsəfi düşüncələri kitabın ilk fəslində yer alıb. “Bəzən Sibirə sürüldü” bəzən “dilimin ucunda qaldı” deyə Sözə Füzulidən qalma qiymət verən müəllifin yazılarında müxtəlif mövzularla yanaşı, ictimai qınaqlarla da rastlaşırıq (“Bakı ən birinci şəhərdi bəlkə, Şadlıq evlərinin sayına görə “).
Şeirlər içərisində Azərbaycan, Borçalı, Başkeçid, Qaraçöp ünvanlı, habelə “İncə dərəsinə salavat düşür” fikrinə də poetik məna verilmiş misralar var. “Dərd örnəyi - Vətən” adlı 50 bəndlik şeirində dediyi:
Qarabağ...üstəgəl
yeddi bölgəni
yığıb çadırlara
sığışdırmışıq -
ağır misralar şairin vətənpərvərlik mövzusunda yazdığı şerlərdəndir. Kitabda aforizmlərdən ibarət, sınanmış misallarla bəzənmiş yüklü misralara da rast gəlinir.
Şair Eldar Baxışın ölməz ruhuna ithaf edilən sevgi notları (“Allah bu sevgini günaha yazma”) və onlarla “ünvanı bəlli misralar” da kitabda yer alıb.
Hacan müəllimi bu münasibətlə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram.
X.KƏRİMLİ