|
|
|
|
“Azərbaycanda vəziyyət, seçkiqabağı proseslər tam normaldır”.
Bunu 525.az-a açıqlamasında Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakimiyyət daxilində seçkilərdə iştirak edəcək namizədlə bağlı fikir ayrılığının olması, həmçinin, ölkə başçısının bir xeyli müddət öncə “Əl-Cəzirə” kanalına verdiyi müsahibədən sonra onun özünün namizədliklə əlaqədar tərəddüd etməsi yönündə müxalif dairələrdə və mətbuatda yer alan mövqelərə münasibətini bildirərkən dilə gətirib. PA rəsmisi qeyd edib ki, eyni zamanda, bəzi qərəzli dairələrin iddialarının əksinə olaraq, Azərbaycan hakimiyyətinin qarşıdan gələn seçkilər və seçkilərdə iştirak edəcək namizədlə bağlı da heç bir narahatçılığı yoxdur. “Həmçinin, hamı bu gün əmindir ki, proseslər bundan sonra da normal gedəcək”-deyə, o, sözlərinə əlavə edib.
Bununla yanaşı, PA rəsmisi “Əl-Cəzirə” ilə bağlı məsələyə də münasibətini bildirib.
“Axı, “Əl-Cəzirə” kimindir, o, kimə xidmət edir, bunlar da məlumdur... Eyni zamanda, mənim xalqımın - Azərbaycan seçiciləri və vətəndaşlarının hansı hissəsi “Əl-Cəzirə”nin dediyi hansısa sözlə oturub-durub, hərəkət etməlidir... Bu, mümkün deyil. Bir daha deyirəm ki, seçkilər və seçkilərdə iştirak edəcək namizədlə bağlı məsələ ətrafında spekulyasiyalar, versiyalar hamısı absurddur, cəfəng fikirlərdir, kimlərsə nəsə istəyə, arzulaya bilər, ancaq onlar heç zaman bura gəlib özünə yer tapa bilməz...”-deyə, N.Məmmədov sonda vurğulayıb
Kamil Həmzəoğlu