Avqustun 6-da Bakıda “Ələddin” layihəsi, Avropa Komissiyası və UNESCO -nun birgə proqramı olan beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin, yay universitetinə qatılan tələbə və müəllimlər, KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən beynəlxalq yay universitetinin iyulun 25-dən başlandığını xatırladıblar. Bildirilib ki, beynəlxalq yay universitetində müxtəlif ölkələrin nüfuzlu alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılıb.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonundakı tədris, idman və istirahət kompleksində keçirilən beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edib. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib.
Beynəlxalq yay universiteti Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunub.