
Dünən Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo Pena Milli Kitabxanada olub.
Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirib, kitabxana haqqında ətraflı məlumat verib.
M.Galindo Azərbaycanda olduğundan razılığını ifadə edib, mədəniyyətimizə, incəsənətimizə, mətbəximizə, ədəbiyyatımıza məftun olduğunu bildirib.
Milli Kitabxananın oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova Marta Galindo Penanı kitabxana, eləcə də Açıq kitabxana ilə tanış etmiş, ona kitabxananın fondu və xidmət sahələri haqqında məlumat verib, qonağın suallarını cavablandırıb.
Nadir kitablar və kitabxananın muzeyi şöbəsi ilə yaxından tanış olan qonaq kitabxanaya üzv olaraq fonddan bəhrələnəcəyini söyləyib. Qonaq Açıq kitabxanada "Rəy və təkliflər" kitabına öz ürək sözlərini yazıb.
Qonağa Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Azərbaycan mətbəxi (ingilis dilində), Azərbaycan muğamları və başqa kitablar hədiyyə edilib.



