
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş "Sübhün səfiri" filminin təqdimatı keçirilib. Ötən il "Azərbaycanfilm" kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğludur.
525.az-ın məlumatına görə, Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində bu ölkənin mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya yaradıcı heyəti və ssenari müəllifi Anarı maraqlı film münasibətilə təbrik edib: "Yazıçılar, şairlər, eyni zamanda onların yaratdığı əsərlər bir xalqa məxsus deyil, о, hamınındır. Mən çox sevinirəm ki, bu gün, Tbilisidə yaşayıb-yaradan Azərbaycan dramaturqunun 200 illiyi qeyd edilir".
Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib: "Mirzə Fətəli Axundzadə Tbilisidə yaşayıb, yazıb-yaradıb. O, burada yeni əlifba uğrunda mübarizə aparıb, gürcü və Azərbaycan xalqının dostluğunun əsasını qoyub".
Çıxışlardan sonra "Sübhün səfiri" filmi gürcü dilində alt yazılarla nümayiş olunub.
Teatrın foyesində M.F.Axundzadənin əsərlərinin əlyazmaları, teatr afişaları, komediyalarına rəssamlar tərəfindən çəkilən rəsmlərin və Azərbaycanın məşhur teatr xadimlərinin fotolarından ibarət sərgi də təşkil edilib.
GÜNEL



