
Bakı Bələdiyyə Teatrı beynəlxalq teatr şəbəkəsi olan IETM-ə (Informal European Theatre Meeting) üzv olub. Teatr bu nüfuzlu təşkilata üzv qəbul olunma təklifini bu ilin əvvəlində alıb.
525.az-ın məlumatına görə, iondiyə qədər Gürcüstan və Ermənistandan 10-a yaxın teatr kollektivinin bu təşkilatda təmsil olunmasına baxmayaraq, Azərbaycanın heç bir teatr qurumu IETM üzvü olmayıb. Mərkəzi ofisi Brüsseldə yerləşən, Şərqi və Qərbi Avropanın teatr kollektivlərini birləşdirən bu nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanı ilk olaraq Bakı Bələdiyyə Teatrı təmsil edir.
Teatrın bədii rəhbəri xalq artisti, Dövlət mükafatı laureatı, professor Amaliya Pənahova bu təklifi yüksək dəyərləndirdiyini deyib. Onun sözlərinə görə, təşkilatın məram və məqsədləri öyrənilib və Bələdiyyə Teatrının bu qurumda üzvlüyünün nəinki onun özü üçün, bütünlükdə Azərbaycan teatr sənəti üçün xeyirli olacağı qənaətinə gəlinib.
Teatrın rəhbəri qeyd edib ki, quruma üzvlük Bakı Bələdiyyə Teatrının müntəzəm təşkil olunacaq seminarlarda, master klasslarda, birgə layihələrdə iştirakına zəmin yaradacaq: “Azərbaycan teatrını, mədəniyyətini beynəlxalq arenada təmsil etmək üçün bu tipli Beynəlxalq təşkilatlarda iştirak etmək çox vacibdir. Çalışacayıq ki, respublikanı layiqincə təmsil edək, təşəbbüslərlə çıxış edək. Təcrübə mübadilələrində, beynəlxalq teatr festivallarında Bakı Bələdiyyə Teatrının aktyor və rejissor heyətinin iştirakını təmin edək. Xarici həmkarlarımızla ünsiyyət və təcrübə mübadiləsi olmadan milli teatrımızın inkişafı mümkün deyil. Təşkilatda üzvlüyümüz bu şəbəkədə üzv olan digər peşəkar sənətçilərlə birbaşa əlaqələrin yaradılmasına, təcrübə mübadiləsi aparılmasına kömək edəcək”.
A.Pənahova əlavə edib ki, beynəlxalq teatr şəbəkəsində Avropa mədəniyyət qurumlarının təbliği işinin aparılması baxımından IETM lider təşkilatlardandır.
GÜNEL



