1918-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib.
Prezident Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
1992-ci il. BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb.
Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi.
1827-ci il. Rusiya qoşunları İranla müharibənin (1826-1828) gedişində İrəvan qalasını ələ keçirib.
Qalanın ələ keçirilməsində erməni əhalisi və Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərib.
İrəvanın ələ keçirilməsinə görə Rusiya çarı general Paskeviçə "Qraf Erivanski" titulu verib.
1965-ci il. Şair və qəzəlxan Əliağa Vahid (1894-1965) vəfat edib.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri bu gün də xanəndələrin repertuarında geniş yer tutur.
1880-ci il. Tomas Edison ilk elektrik lampası fabrikini açıb.