1952-ci il. Rusiya Federasiyasının prezidenti Vladimir Putin anadan olub.
V.Putin 1998-1999-cu illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, 1999-cu ildə Təhlükəsizlik Şurasının sədri vəzifələrində işləyib.
1999-2000-ci illərdə Rusiya Federasiyası Hökumətinin sədri, 2000-2008-ci illərdə Rusiya dövlətinin başçısı olub.
2008-2012-ci illərdə Rusiya Federasiyasının baş naziri vəzifəsində işləyən Vladimir Putin 2012-ci il mayın 7-də yenidən Rusiya Federasiyasının prezidenti seçilib.
7 oktyabr - Dünya təbəssüm günüdür.
Amerikalı reklam meneceri Harvey Ball 1963-cü ildə məşhur “Smiley”, yəni gülümsəmə ikonasını hazırlayıb.
Bu ikona bütün dünyada xoşbəxtlik və yaxşı niyyət simvoluna çevrilib. Elə bu səbəbdən də 1999-cu ildən oktyabrın ilk cüməsi Dünya təbəssüm günü kimi qeyd edilir.
1769-cu il. İngilis dəniz səyyahı Kapitan Kuk Yeni Zelandiya adalarını kəşf edib.
Yerli sakinlər - maorilər iki böyük adadan ibarət olan Yeni Zelandiyanı “Aotearoa” adlandırırdılar ki, bu söz “Uzun ağ bulud torpağı” kimi tərcümə edilir.
1950-ci il. Tereza Ana Xeyriyyə Fondu yaradılıb.
Hazırda bu qurumun 4500-dən çox əməkdaşı var. Fond dünyanın bir çox ölkələrində evsizlik, alkoqolizm, əlillik, QİÇS, və bir sıra epidemiyalarla mübarizə aparır, qaçqın və məcburi köçkünlərə yardım edir.
1806-cı il. Karbon kağızına Ralf Vecvud tərəfindən ilk patent alınıb.
Görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulan stenoqrafiya yazı alətində istifadə edilən kağızın hər iki tərəfi istifadədən əvvəl mürəkkəblə isladılırdı.