AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, eləcə də respublikanın qadın ictimaiyyətinin nümayəndələri oktyabrın 10-da II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Aida İmanquliyevanın anadan olmasının 77-ci ildönümü günündə gerçəkləşən ziyarət zamanı Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA müxbir üzvü Gövhər Baxşəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar.
H.Hüseynova A.İmanquliyevanın şərqşünaslıq elmində bir məktəb yaratdığını qeyd edib, onun qadın, ana, həyat yoldaşı kimi də Azərbaycan qadınına örnək bir ömür yaşadığını deyib.
G.Baxşəliyeva A.İmanquliyevanın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini deyib, müasir ərəb ədəbiyyatı sahəsində əsərlərinin elmi əhəmiyyətini vurğulayıb.
O, tanınmış şərqşünasın məhcər ərəb ədəbiyyatına aid elmi əsərləri səviyyəsində ərəb ölkələrinin özündə belə əsərlər yazılmadığını qeyd edib və bu əsərlərin 100 illərlə dünya şərqşünaslıq elmində yaşayacağını bildirib.