
xİstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində xalq yazıçısı Elçinin romanı əsasında Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə istehsalı olan “Mahmud və Məryəm” filminin təqdimatı olub.
Filmin premyerasında iştirak edən xalq yazıçısı jurnalistlərə müsahibəsində bildirib ki, bu gün onun üçün çox xoş gündür.
31 il əvvəl qələmə aldığı romanın ekran həyatına qovuşmasından məmnunluğunu ifadə edən yazıçı deyib: “Romanda ələ aldığım məsələlər öz aktuallığını qoruyur”.
Nasir onu da vurğulayıb ki, filmin Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olması onun üçün xüsusi bir məna daşıyır : “Ana Vətənim ilə Ana Vətənim kimi sevdiyim Türkiyə tərəfindən müştərək çəkilib. Onun premyerasının çox sevdiyim bir şəhər olan İstanbulda keçirilməsi də mənim üçün çox anlamlıdır”.
Bir jurnalistin filmin süjet xətti ilə bağlı sualını da cavablandıran xalq yazıçısı bildirib ki, eşq din tanımır. “Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə bütün dinlərdə vardır”.
Filmin təqdimatında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan, Azərbaycanın Türkiyədəki baş konsulluğu və ictimaiyyətin nümayəndələri, ssenari müəllifləri Yerkan Kahraman və Əşrəf Dinçer, quruluşçu rejissor Mehmet Ada Öztekin, aktyorlar Eva Dedova, Aras Bulut İynemli, Fəxrəddin Manafov, Tomris İncer, Cemal Hünal, Kristina Krepela, Mehmet Çevik, Polat Bilgin iştirak ediblər.
“Mahmud və Məryəm” filmi martın 22-dən Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcək.
GÜNEL



