
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yaxın günlərdə bir neçə ekran əsərinin təhvil verilməsi nəzərdə tutulub.
525.az-ın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, əvvəlcə “Dərvişin ölümü” və “Qisas almadan ölmə” filmləri geniş ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, kinorejissor, Xalq Artisti Eldar Quliyevin “Dərvişin ölümü” filmi tarixi detektiv janrındadır. Bu ekran əsərinin çəkilişləri Salyanın “Ceyran düzü” ərazisində, Şəki, Pirəkəşkül və Bakıda aparılıb.
Təhvil veriləcək digər ekran əsəri “Qisas almadan ölmə” isə tammetrajlı bədii filmidir. Xalq Artisti Oqtay Mirqasımovun ssenari müəllifi və rejissoru olduğu bu filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Çəkilişlər Azərbaycan, Gürcüstan və Almaniyada aparılıb.
Ekran əsərində əsas rollarda Xalq Artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər. Filmdə alman və gürcü aktyorları da rol alıb.
GÜNEL



